Futbolçu, kapitan, döyüşçü… - VİDEO

Xəbərlər
20 Noyabr 2023 13:18
Futbolçu, kapitan, döyüşçü…  - VİDEO

“Müharibəyə getməyimdən alilədə heç kimin xəbəri olmamışdı. Arada zəng edirdilər, telefon yaxşı tutmurdu. Bəhanə gətirirdim ki, səs eşidilmir, başqa bir yerdəyəm”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Asif Məmmədov deyib.

Komandasının kapitanı PFL-in mətbuat xidmətinə Ağdam şəhər günü ilə bağlı 44 günlük Vətən Müharibəsində iştirakından danışıb. O bildirib ki, döyüşlər zamanı erməni postları ilə aralarında 150-200 metr məsafə olub: “30 nəfərdən ibarət könüllü qrup yaranmışdı. Bizə ehtiyac vardı, postlara çıxmaq, köməklik etmək lazım idi. Hamının bildiyi, Ağdamın müdafiə postu idi. Xəbər gəldi ki, düşmən həmin posta hücum etməyi planlaşdırıb. Posta çatanda, təəssüf ki, artıq şəhidlərimiz, yaralılarımız vardı. Müşfiq Abbasov qabaqda getdiyinə görə, o da şəhid oldu. Deyərdim ki, o, qəhrəmandır. Yəni ora gedirsənsə, həyatını risqə atmış olursan. Deyim qorxu yox idi, xeyir, var idi. Təcrübə olmasa da, səni bu addımı atmağa nəsə, kimsə dartır. Yarım saat, 1 saat ərzində qorxu hissi unudulur”.

Onun sözlərinə görə, Mingəçevirdən olan 2 yaralının çıxarılmasına səy göstərib: “Bundan başqa, şəhidlərimizin nəşlərini döyüş meydanından çıxarırdıq. Buna görə fəxr etsəm də, ancaq özü-özülüyümdə düşünürəm ki, bu, mənim borcum idi. Müşfiq Abbasova ən yaxın 4 nəfər idik – oğlu, xalam oğlu Elşən… Ona görə də hamı bizdən soruşurdu necə oldu?”.

Məmmədov vurğulayıb ki, müharibə bitəndən sonra 6 yaşında tərk elədiyi kəndlərinə gedib: “Kəndimizə çatanda canlı görüntü ilə evi yığdım. Dedilər ki, ünvanı tapmısan, düz evin üzərindəsən. Kəndimiz doğrudan da gözəldir – Ağdamın Abdalgülablı kəndi. İnşallah, kəndə qayıdarıq, yaxşı futbol komandası yaradarıq, əlimizdən nə yaxşı işlər gəlirsə, edərik”.

İdman.biz