Elvin Məmmədov: “Belçikadan xalla qayıtmaq olar”

Müsahibə
19 Noyabr 2023 11:56
Elvin Məmmədov: “Belçikadan xalla qayıtmaq olar”

“İsveç üzərində qələbə tarixi uğurdur”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib.

O, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın İsveç üzərində 3:0 hesablı qələbəsi yüksək qiymətləndirib. Məmmədovun sözlərinə görə, bu gün Belçikanın qonağı olacaq Canni de Byazinin komandasını çətin oyun gözləyir: “Rəqib dünya reytinqində üst pillələrdə yer alır. Bu seçmə mərhələdə böyük hesabla uduzduğumuz matçlar olub. Ümid edirəm ki, bu oyunda belə nəticə qeydə alınmayacaq. Ən azından layiqli mübarizə aparıb xalla qayıtmaq olar. Bu, çətindir, amma mümkünsüz deyil”.

O, İsveçlə görüşdən öncə ölkə futbolundakı xidmətlərinə görə rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə ilə təltif olunub. Bu, millidə 37 oyun keçirib 7 qol vuran Elvini çox qürurlandırıb : “İnşallah, bu tendensiyaya çevrilər. Milli karyerasını bitirən hər bir futbolçu üçün bu addımı atsalar, yaxşı olar”.

Qeyd edək ki, Belçika Azərbaycan matçı Brüsseldə “Kinq Baudouin” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Emin Ağa

İdman.biz