Adamiya Gürcüstanın U-21 futbol millisinə rəhbərlik edəcək

27 Sentyabr 2026 09:33
84
Adamiya Gürcüstanın U-21 futbol millisinə rəhbərlik edəcək

Azərbaycan futboluna yaxşı tanış olan Georgi Adamiya Gürcüstanın U-21 millisinin qarşıdakı oyunlarında komandaya rəhbərlik edəcək.

İdman.Biz Gürcüstan Futbol Federasiyasına istinadən xəbər verir ki, Ramaz Svanadzenin Gürcüstanın əsas millisinin baş məşqçisi təyin olunmasından sonra onun U-21 yığmasındakı köməkçisi Adamiya müvəqqəti olaraq komandanın sükanı arxasına keçəcək.

Məlumata görə, 45 yaşlı mütəxəssis Gürcüstan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç qarşılaşmada komandaya rəhbərlik edəcək.

Adamiya 2021-ci ildən Gürcüstan U-21 millisində Svanadzenin köməkçisi kimi çalışır. Bundan əvvəl o, ölkəsinin U-17 yığmasının məşqçilər korpusunda fəaliyyət göstərib.

Keçmiş hücumçu Azərbaycan futbolunda uzun illər çıxış edib. Adamiya “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in formasını geyinib. O, Azərbaycandakı karyerasının ən yaddaqalan dövrlərinin “Neftçi” və “Qarabağ”la bağlı olduğunu daha əvvəl İdman.Biz-ə müsahibəsində bildirib.

Adamiya 10 mart 1981-ci ildə anadan olub. Futbolçu karyerasını 2015-ci ildə başa vurduqdan sonra məşqçilik fəaliyyətinə keçib.

İdman.Biz