Georgi Adamiya: “Ən gözəl xatirələrim “Neftçi” və “Qarabağ”la bağlıdır” - MÜSAHİBƏ

Müsahibə
19 Dekabr 2023 14:58
565
Georgi Adamiya: “Ən gözəl xatirələrim “Neftçi” və “Qarabağ”la bağlıdır” - MÜSAHİBƏ

Azərbaycanda “Neftçi”, “Qarabağ, “İnter” və “Bakı”nın formasını geyinən gürcüstanlı veteran futbolçu Georgi Adamiyanın İdman.biz saytına müsahibəsi

- Gürcüstan millisində işləriniz necə gedir?

- Yaxşıdır. 5 ildir Gürcüstan millilərində çalışıram. Əvvəlki 2 ili U-17 komandasında çalışdım. Sonra U-21 yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərirəm.

- Azərbaycan çempionatını izləyirsiz?

- Bəli, izləyirəm. Turnir cədvəlini, kimin kimlə qarşılaşdığına, nəticələrə baxıram. Vaxtım olduqda canlı da matçları izləməyə çalışıram. Amma səmimi deyim, bu çox az hallarda alınır.

- Azərbaycandan komanda yoldaşlarınızdan və ya məşqçilərinizdən kiminlə əlaqəniz var?

- Ara-sıra Rəşad Sadıqov və Rəşad Sadiqovla danışıram. Ötən qış İlqar Qurbanovla görüşdüm. Sabiq komanda yoldaşlarım Tbilisiyə gələndə də onları görməyə çalışıram.

- Azərbaycanda 4 klubun şərəfini qorumusuz. Sizin üçün ən yaddaqalanı hansı olub?

- Hər zaman demişəm, ən gözəl xatirələrim “Neftçi” və “Qarabağ”la bağlıdır. Həmin klublarda özümü çox yaxşı və rahat hiss edirdim. Amma bu o demək deyil ki, “Bakı” və “İnter”də özümü pis hiss edirdim. “Neftçi” və “Qarabağ”ın yeri tamam ayrıdır.

- Bəs sizin üçün Azərbaycan karyeranızda ən yaddaqalan anlar hansılar idi?

- Çox gözəl xatirələrim var. 9 il Azərbaycanda oynadım. Hər il səviyyəmi daha da artırdım. Xüsusi olaraq ilk illər yadımda qalıb. O zaman Azərbaycan çempionatının oyunlarına 20-25 min azarkeş gəlirdi. Gözəl futbol atmosferi var idi. Bunları unutmaq mümkün deyil.

- Hazırda Azərbaycan millisi baş məşqçisizdir. Sizcə, millini yerli, yoxsa əcnəbi məşqçi çalışdırmalıdır?

- Azərbaycan milli komandasını çalışdıracaq baş məşqçinin yerli və ya əcnəbi olması ciddi fərq etməyəcək. Azərbaycan yığmasının "sükanı" ölkənin və millətin mentalitetinə yaxşı bələd olan məşqçiyə etibar olunmalıdır. Bu ona yığmada yaxşı işləməsinə kömək edə bilər.

- Bəs sizə təklif gələrsə, qəbul edərsiz?

- Əlbəttə, konkret təklif gələrsə, müzakirə etmək olar. Özümün ən gözəl illərimi keçirdiyim ölkəyə məmnuniyyətlə qayıdaram.

- Azərbaycana gələn ən istedadlı və unudulmaz legionerlərdən birisiniz. Burada hələ də sizin oyununuzu xatırlayanlara nə demək istərdir?

- Bütün azarkeşlərimi çox sevirəm. Hələ də məni xatırlayırlar. Hər birinə uğurlar arzu edirəm. Ürəkdən hər birinə salam göndərirəm.

Emin Ağa
İdman.biz

Məqalədə: