“Komo”nun idman direktoru Karloalberto Ludi müdafiəçi Yakobo Ramon və yarımmüdafiəçi Nikolas Pasın “Real Madrid”ə mümkün qayıdışı barədə yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, klub rəsmisi Madrid təmsilçisinin Ramonla bağlı onlarla əlaqə saxlamadığını söyləyib:
“Real Madrid” Yakobo ilə bağlı bizə heç bir məlumat verməyib. Düzdür, Nikolas Pas üçün danışıqlara gedəndə onun haqqında zarafat etmişdilər. Onun vəziyyətini izləyirdik. Söhbət möhtəşəm futbolçudan gedir və o, şübhəsiz, bütün mövsümü bizimlə keçirəcək”.
Ludi Nikolas Pasın gələcəyi ilə bağlı xəbərlərin də mütəmadi gündəmə gəldiyini xatırladıb:
“Bunu zarafatla deyirəm, amma hər il noyabrdan marta qədər Niko Pasın “Real Madrid”ə qayıtmalı olduğu yazılırdı. Nəticədə isə biz hələ də onun oyunundan zövq almaq şansına malikik. İndi eyni hal Yakobo ilə yaşanır”.
İdman direktoru gələcəkdə Madrid klubu ilə danışıqların mümkünlüyünü də istisna etməyib:
“Vaxtı çatanda danışacağıq və həm Yakobo, həm də hər iki klub üçün ən yaxşı həll yolunu tapacağıq”.
Ramon özü də gələcəyi barədə düşünmədiyini vurğulayıb:
“Bu barədə heç düşünmürəm. Noyabr ayıdır, mövsümün başa çatmasına çox var. Hər şey yeni başlayıb, qarşıda bizi çox şey gözləyir. Yalnız bunu düşünürəm”.
Qeyd edək ki, Nikolas Pas bu mövsüm Çempionlar Liqasında üç qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Ramon isə müdafiədə möhkəmlənərək ilk dəfə İspaniyanın əsas millisinə dəvət alıb.
