“Sabah” futbol komandasının müdafiəçisi Timoteuş Puxaç Polşa millisinə qayıtdıqdan sonra yığmadakı məşq səviyyəsini yüksək qiymətləndirib. O, Bosniya və Herseqovina ilə qarşılaşmada meydana çıxmamasına da münasibət bildirib.
İdman.Biz Polşa mediasına istinadən xəbər verir ki, Puxaç təxminən iki illik fasilədən sonra yenidən Polşa millisinin düşərgəsinə dəvət olunub. Onun cari mövsümdə “Sabah”ın heyətində 14 oyunda beş məhsuldar ötürmə verdiyi xüsusi qeyd edilib.
Futbolçu Bosniya və Herseqovina ilə 0:0 hesablı görüşdə meydana çıxmamasının onda müəyyən narazılıq yaratdığını etiraf edib:
“Bəli, idmançı kimi ambisiyası olan hər kəsdə belə futbol qəzəbi yarana bilər. Amma artıq təcrübəli oyunçuyam. Bilirəm ki, Franek yaxşı futbolçudur və oyuna yaxşı qoşuldu”.
Puxaç yığmada yüksək səviyyəli futbolçuların olmasının ona təsir etdiyini də bildirib:
“Uzun müddət burada olmamışdım. Dərhal diqqətimi çəkən məşqlərdə futbolçuların yüksək keyfiyyəti oldu. Gündəlik belə səviyyəli futbolçuları görmək mənə qismət olmur. Burada oyun daha sürətlidir, bacarıq səviyyəsi də daha yüksəkdir və bunu sabah göstərməliyik”.
Polşa millisi sentyabrın 28-də səfərdə İsveçlə qarşılaşacaq. Bu oyun komandalar arasında martda keçirilən və İsveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra ilk duel olacaq.
