“30 ildir ki, Azərbaycan futboluna azarkeşlik edirəm. Bu matçı bir neçə gündür gözləyirdim”.
Bunu İdman.biz saytına Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə AVRO-2024 seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan - İsveç matçı barədə danışarkən deyib.
Tanınmış aktyor Canni de Byazinin komandasının 3:0 hesablı qələbəsini yüksək qiymətləndirib. O bildirib ki, futbolçularımız çox gözəl oyun nümayiş etdirib: “Əminliklə deyə bilərəm ki, ötən bu illər ərzində belə bir rahat, xarizmatik, komplekssiz komanda görməmişdim. Təbii ki, güclü futbolçularımız olub, amma beləsi heç olmamışdı. Bunu da, yəqin ki, millinin baş məşqçisi Canni de Byazi yaradıb. O, komandanın fəlsəfəsini dəyişib”.
Bağırzadə hər bir oyunçunun meydanda sonadək mübarizə apardığını vurğulayıb: “Xahiş edirəm ki, bu oyun üslubunu davam etdirsinlər. Oyunu daima bu cür rahat şəkildə qazansınlar və istədikləri nəticəni əldə etsinlər”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu səfərdə Belçikaya qarşı keçirəcək.
Banuçiçək Hüseynli
İdman.biz