Ukrayna Rusiyanın iştirakına etiraz olaraq Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalını boykot etməyə çağırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matviy Bidnyi açıqlama verib.
Nazir digər milli futbol assosiasiyalarını da turnirdə iştirakdan imtina etməyə çağırıb. O, Rusiyanın U-15 millisinin rəsmi dövlət simvolları ilə yarışda çıxış etməsini qəbuledilməz hesab etdiyini bildirib.
View this post on Instagram
Bidnyi İslandiya və Almaniyaya turnirdə iştirakdan imtina etdiklərinə görə təşəkkür edib və FIFA-nın 2022-ci ildə Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarının bütün səviyyələrdə qüvvədə qalmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrda Azərbaycanda keçiriləcək. Rusiyanın komandası qrup mərhələsində Türkiyə, Əfqanıstan, Cibuti, Syerra-Leone və Sudanla qarşılaşacaq. Bu, Rusiya yığmasının 2022-ci ildə Ukraynaya qarşı müharibənin başlanmasından sonra FIFA-nın təşkil etdiyi yarışda faktiki olaraq ilk iştirakı olacaq.
