Qurban Qurbanov: “Bəzi futbolçular daha çox istirahət haqqında düşünürdülər”

18 Sentyabr 2026 23:05
100
Qurban Qurbanov: “Bəzi futbolçular daha çox istirahət haqqında düşünürdülər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının altıncı turunda “Şəfa” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bəzi futbolçularda milli komandaların oyunları ilə əlaqədar qarşıdakı fasilənin hiss olunduğunu etiraf edib:

“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib üç xal qazandıq və indi milli komandaların oyunları ilə əlaqədar uzun fasiləyə yollanırıq. Gedişatda hiss olunurdu ki, bəzi oyunçular daha çox istirahət haqqında düşünürlər. Əsas odur ki, qalib gəldik. İnanıram ki, bu fasilədən səmərəli istifadə edə biləcəyik”.

Ağdam klubunun çalışdırıcısı komandasının oyun keyfiyyətini də qiymətləndirib:

“Qarşımızda bütün diqqətini müdafiəyə yönəltmiş yaxşı təşkil olunmuş rəqib var idi. Əlbəttə, müdafiədən hücuma daha sürətli keçmək və daha yaxşı oynamaq istərdik. Lakin sərbəst zonalar çox az idi və biz bundan tam şəkildə yararlana bilmədik. Belə matçlarda daha keyfiyyətli futbol göstərməyə borcluyuq və bunu tələb edirik”.

Qurbanov həmçinin “Qarabağ”ın qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətində olduğunu bildirib:

“Əgər qışda imkanımız olarsa və müəyyənləşdirdiyimiz mövqelərə futbolçular tapsaq, mütləq heyəti gücləndirməyə çalışacağıq. Biz demək olar ki, tamamilə yeni komanda formalaşdırırıq və dayanmaq fikrində deyilik”.

Baş məşqçi əməliyyatdan sonra bərpa prosesi keçən Bəhlul Mustafazadənin də vəziyyətindən danışıb:

“Bəhlul maksimum on gün ərzində komandaya qoşulacaq. Onun nadir hallarda rast gəlinən zədəsi var idi və əməliyyat olundu. Təəssüf ki, bərpa prosesi uzandı. Bəhlul həm bizim üçün, həm də milli komanda üçün çox vacib futbolçudur”.

İdman.Biz