“Oyundan əvvəl komandada zədəlilər çox idi. Dörd əsas futbolçumuz “Neftçi”yə qarşı oynaya bilmədi. Bəzi mövqelərdə məcburi yerdəyişmələr etdik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə 2:1 hesabı ilə qalib gələn Sumqayıt təmsilçisinin çalışdırıcısı oyundan bir gün əvvəl “Neftçi” TV-də yayımlanan videoya münasibət bildirib. O, rəqibin bu paylaşımının “Sumqayıt”ın qələbəsində rolu olduğunu qeyd edib: “Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. “Neftçi” TV bununla bağlı video hazırlayıb. O vaxt çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin videosunu bu gün futbolçularımıza göstərdik. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu”.
Samir Abbasov qələbə sevincinin rəqib baş məşqçi Adrian Mutuya cavab olduğunu bildirib: “Cavab verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. "Mən" amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək”.
İdman.biz