"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Vacib 3 xal qazandılar. "Qarabağ"la matçdan sonra hələ ki oyunumuzu tapa bilmirik”.
İdman.biz xəbər verir ki, bunu öz meydanında 0:1 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz“ə məğlubiyyəti şərh edib. Bağırov bəzi futbolçularının oyununda eniş olduğunu bildirib: “Ola bilsin, hansısa epizodları düzgün edirik, amma istədiyim "Araz-Naxçıvan" bu deyil. Oyunu analiz edən zaman futbolçulara bildirdik ki, rəqib kəsərli hücumlar qurur, bundan sığortalanmağın yollarını da demişdik. Səhvimiz hücum fazasına keçidlə bağlıdır. Biz elə komandayıq ki, yaratdığımız epizodları qola çevirməyəndən sonra daha çətin olur. Bəzi futbolçularımızın oyununda eniş var. Kuzmanoviç əvvəlki turlarda göstərdiyi performansdan uzaqdı, əvəzində Nuno daha yaxşı çıxış edir".
İdman.biz