“Sumqayıt” futbol klubunun və U-21 milli komandamızın üzvü Nihad Əhmədzadənin əvəzedici heyətə göndəriləcəyi ilə bağlı iddialar yayılıb.
Mediada yayılan xəbərə görə, klub prezidenti Riad Rəfiyev futbolçunun müqaviləni uzatmaq istəməməsi səbəbindən belə qərar qəbul edib.
İddiaya əsasən, klub rəhbərliyi gənc və perspektivli futbolçuya köhnə şərtlərlə yeni müqavilə təklif edib. Lakin Əhmədzadə sözləşmədə nəzərdə tutulan əməkhaqqının az olduğunu düşündüyü üçün müqaviləni uzatmaqdan imtina edib. Həmçinin millimizin üzvünün “Sumqayıt”da ən aşağı maaş alan futbolçulardan biri olduğu bildirilib.
Yayılan məlumatda Əhmədzadənin müqaviləni uzatmamasının Riad Rəfiyevin narazılığına səbəb olduğu və futbolçunun cəza məqsədilə əvəzedici heyətə göndəriləcəyi iddia olunur.
Hazırda U-21 milli komandasının düşərgəsində olan Nihad Əhmədzadənin “Sumqayıt”a qayıtdıqdan sonra əvəzedici heyətdə məşq edəcəyi və oynayacağı bildirilir.
Məsələ ilə bağlı sumqayit24.az “Sumqayıt” FK-nın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxlayıb.
Klubun sözçüsü yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Nihad Əhmədzadə hazırda millinin düşərgəsindədir. Hələ kluba da qoşulmayıb. Qoşulandan sonra əsas komanda ilə, yaxud əvəzedicilərlə məşq edib-etməyəcəyi və oynayıb-oynamayacağı, təbii ki, baş məşqçinin verəcəyi qərardan asılıdır.
Klub prezidenti və futbolçu arasında olan prinsip söhbəti isə ümumiyyətlə həqiqətə uyğun olmayan məlumatdır. Heç bir futbolçu ilə klub rəhbəri arasında hansısa prinsip və ya anlaşılmazlıqdan söhbət gedə bilməz”.
