“Çox üzgünük, çox təssüflənirik. Oyunçular dünəndən özlərinə gələ bilmirlər, çox məyusdurlar”.
Bunu İdman.biz saytına minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev deyib.
O, BƏƏ-də keçirilən dünya çempionatının yarımfinal mərhələsində 2:3 hesabı ilə uduzduqları Qazaxıstanla oyunu şərh edib. Quliyev bildirib ki, məğlubiyyətə layiq olmayıblar: “Əmin idik ki, onları keçə bilərik. Qazaxların millisi ölkənin tanınmış sabiq futzalçılarından və futbolçularından yığılıb. Meksika və Çexiya kimi əsas favoritləri mübarizədən uzaqlaşdırıblar. Layiqli və güclü rəqibdir. Amma düşünürəm ki, bizim komandanın finala çıxmağa daha layiq idi. Təəssüf ki, epizodlardan yararlana bilmədik”.
Baş məşqçi çətin də olsa, komandanı 3-cü yer uğrunda Macarıstan ilə oyuna kökləməyə çalışdığını deyib: “Buradan medalla qayıtmağa, bizə olan etimadı doğrultmağa çalışacağıq”.
Qeyd edək ki, bürünc medal uğrunda Azərbaycan - Macarıstan görüşü saat 18:00-da start götürəcək.
Emin Ağa
İdman.biz