Polşa millisinin baş məşqçisi Yan Urban Bakının “Sabah” klubunun müdafiəçisi Timoteuş Puxaçın müdafiədəki oyunundan narazılığını ifadə edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu bu gün Bosniya və Herseqovinanın Zenitsa şəhərində keçiriləcək Millətlər Liqası matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Urban dörd müdafiəli sxemdə sol cinahda Pşemıslav Frankovskini oynatmağa üstünlük verdiyini bildirib.
“Frankovski sağ cinahda Matti Keşin alternatividir. Amma dörd müdafiəçi ilə oynamaq istəyiriksə və sol müdafiəçi axtarırıqsa, çox şey aydınlaşır. Bu oyunlardan sonra mənə elə gəlir ki, Yakub Kiver məcbur qalmadığımız halda sol cinahda oynamayacaq. Frankovskini bu mövqedə meydana buraxmaqla müəyyən mənada Timoteuş Puxaça müdafiədəki oyunundan tam razı olmadığımı göstərirəm. Məncə, onun yarımmüdafiəçi kimi oynamağa meyli müdafiəçidən daha çoxdur”, - deyə Urban bildirib.
Məşqçinin iradları Polşanın Millətlər Liqasında İsveçə 1:3 hesabı ilə uduzduğu oyundan sonra səslənib. Puxac həmin qarşılaşmada start heyətində meydana çıxıb və 65 dəqiqə oynadıqdan sonra Frankovski ilə əvəzlənib.
Polşa mətbuatı da “Sabah”ın futbolçusunun çıxışını tənqid edib.
“Sport.pl” Puxaçın müdafiədə passiv oynadığını və öz cinahında Patrik Valemarkla mübarizələrdə mütəmadi olaraq uduzduğunu qeyd edib. Polşalı futbolçu ilk hissənin ortalarında sarı vərəqə alıb və bundan sonra top uğrunda mübarizələrdə daha ehtiyatlı davranmağa məcbur olub. “Eurosport” da Puxacın müdafiədəki problemlərinə diqqət çəkib. İsveçlilərin ilk hücumlarından birində Valemark cinahda ondan yayınmağı bacarıb. İlk buraxılan qolda da müdafiəçi kifayət qədər fəal hərəkət etməyib. Sonrakı dəqiqələrdə İsveç millisi dəfələrlə məhz onun zonasından təhlükə yaradıb, rəqib futbolçular isə demək olar ki, müqavimətsiz şəkildə cərimə meydançasına ötürmələr və ortalar etmək imkanı qazanıblar.
Bununla belə, Polşa mətbuatı Puxaçın hücuma qoşularkən daha inamlı göründüyünü vurğulayıb. Onun cinahdan ötürmələri komanda yoldaşlarını tapıb, sürətli hücumlarda isə o, mövqeli müdafiədəkindən xeyli effektiv olub.
Beləliklə, Urbanın “Sabah”ın futbolçusuna əsas iradı məhz topsuz oyunu və müdafiədə etibarlılığı ilə bağlıdır. 27 yaşlı futbolçunun hücum keyfiyyətləri isə polşalı şərhçilərdə ciddi şübhə doğurmur.
Qeyd edək ki, Puxac hazırkı beynəlxalq fasilədə son iki ildə ilk dəfə Polşa millisinin düşərgəsinə çağırılıb.
