Sərxan Hacıyev: “Baş məşqçinin hesabatı dinlənəcək və onunla bağlı qərar veriləcək”

Xəbərlər
23 Oktyabr 2023 14:42
203
Sərxan Hacıyev: “Baş məşqçinin hesabatı dinlənəcək və onunla bağlı qərar veriləcək”

“Azərbaycan yığmasının Estoniya üzərindəki qələbəsi hamımızı sevindirdi”.

Bunu İdman.biz saytına AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsindəki son oyunlarını dəyərləndirən assosiasiya rəsmisi bildirib ki, Avstriyaya 0:1 hesablı məğlubiyyətə məyus olublar: “Komanda pis təsir bağışlamadı. Oyunun sonlarında ən azından heç-heçə edə bilərdik. Təbii ki, tarixdə hər zaman nəticə qalır. Bu da bizi məyus edir”.

Baş katib seçmə mərhələ bitmədən millimizin çıxışını dəyərləndirməyin düz olmadığını düşünür: “Son 2 oyunun nəticəsindən sonra yığmanın çıxışını dəyərləndirsək, yaxşı olar. İsveçə qarşı Bakıda, Belçikaya qarşı səfərdə oyunlarımız qalıb. Bundan sonra İcraiyyə Komitəsinin iclası olacaq. Baş məşqçinin hesabatı dinlənəcək və onunla bağlı qərar veriləcək”.

Sərxan Hacıyev AVRO-2024-ün pley-offuna Millətlər Liqasından şansımızın olması prosesini yaxından izlədiyini də qeyd edib: “Türkiyə əsas mərhələyə vəsiqə qazandıqdan sonra Qazaxıstan, Yunanıstan və Lüksemburqun nəticələrini diqqətdə saxlayırıq. Lüksemburq demək olar ki, şansları itirdi, Yunanıstanın isə özündən asılı deyil. Bir Qazaxıstana ümidlər var. Məsələnin o hissəsini də nəzərdə saxlayırıq. Bu məsələlər də yekunda müzakirə olunacaq”.

Funksioner milli komandamızın gələcəyinə ümid ilə baxır: “Növbəti seçmə mərhələyə ümidlə yanaşmaq olar. Bu il artıq 10 futbolçumuz legioner həyatı yaşayır. Bu da sevindirici haldır. Ötən illərdə belə göstərici olmurdu. Əminliklə demək olar ki, futbolçularımız legioner həyatı yaşadıqda daha çox inkişaf edirlər. Bu səbəbdən də gələcək oyunlarda bunun xeyrini biz görəcəyik”.

Emin Ağa

İdman.biz