Samir Abbasov: “Çatışmazlıqlar var, amma onları deyə bilmərəm”

Xəbərlər
21 Oktyabr 2023 21:43
76
Samir Abbasov: “Çatışmazlıqlar var, amma onları deyə bilmərəm”

“Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçuların uyğunlaşması üçün vaxt lazımdır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının X turunda “Sabah”a 1:3 hesablı məğlubiyyətdən sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.

Təcrübəli mütəxəssis komandasının uğursuzluğu barədə danışmaq istəməyib. Abbasov 4 gündən sonra “Sabah”la növbəti dəfə qarşılaşacaqlarını əsas gətirib: “Oyunda narazı qaldığım məqamlar oldu. “Sabah”la 4 gün sonra yenidən üz-üzə gələcəyik. Buna görə də, komandamın çatışmazlıqları var, amma onları deyə bilmərəm. Bəzi futbolçuların üzərində dayanacam. İndi adlarını çəkmirəm”.

Növbəti dəfə hakim tərəfindən xəbardalıq alan çalışdırıcı hakimlərin məşqçilərə qarşı sərt davrandığını qeyd edib: "Hakimlər hər sözə sarı vərəqə göstərirlər. Məşqçi sözünü deməlidir, biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Öz işlərini rahatlaşdırmaq üçün sərt qərarlar verirlər. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq”.

İdman.biz