“Uduzulası oyun deyildi. Avstriya yorğun görünürdü. Bəlkə də heç-heçə onları qane edəcəyi üçün belə oynayırdılar. Amma bizi gəzə-gəzə məğlub etdilər”.
Bunu İdman.biz saytına AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının Avstriyaya 0:1 hesablı məğlubiyyətini dəyərləndirən millimizin sabiq futbolçusu Əfran İsmayılov deyib.
O bildirib ki, Canni de Byazinin komandası bu matçı xeyrinə bitirə bilərdi: “Bir az tempi artırsaydıq, qol şansları yaratsaydıq rahat şəkildə qalib gələ bilərdik. Təəssüflər olsun ki, evdə xal ala biləcəyimiz rəqibə məğlub olduq. Rahat şəkildə qələbə qazanmaq olardı. Ən azından heç-heçə edə bilərdik. 3 gün öncə oyuna çıxmışdıq, bəlkə də onun yorğunluğu var idi. De Byazi heyəti dəyişə, Estoniya ilə oyunda az oynayan futbolçuları, daha az yorğun olanları meydana buraxa bilərdi. Belə olan halda nəticə də yaxşı olacaqdı. Açıq danışsam, Avstriya millisindən qeyri-adi bir futbol görmədim”.
Millimiz matçın son dəqiqələrində Toral Bayramov status-kvonu bərpa etməyə yaxın olsa da, zərbəsi dəqiq alınmayıb. İsmayılov bunu bəxtsizliklə əlaqələndirib: “Toral Bayramov ən yaxşı oyunlardan birini keçirdi. Çox yaxşı hücuma qoşulurdu. Ötürmələri də pis alınmırdı. Ən fəallardan biri idi. Son dəqiqələrdə olan epizodda yaxşı zərbə də vurmuşdu. Bu futboldur, bəxti gətirmədi. Top dirəyə dəydi. O epizoda qədər oyunu bitirmək lazım idi. Tempi artırıb şanslardan yararlanmaq lazım idi”.
Qeyd edək ki, Azərbaycan Avstriya oyununda yeganə qolu görüşün 48-ci dəqiqəsində penaltidən Marsel Sabitzer vurub. Bu qələbə rəqibimizi AVRO-2024-ün final mərhələsinə daşıyıb.
Emin Ağa
İdman.biz