Omər Hani: “Qarabağ”la matçda məqsədimiz məğlub olmamaqdır”

Müsahibə
19 Sentyabr 2023 15:00
95
Omər Hani: “Qarabağ”la matçda məqsədimiz məğlub olmamaqdır”

“Mən qələbəyə ümid edirdim, məncə, 1 xal da ədalətli nəticədir”.

Bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Omər Hani İdman.biz-ə açıqlamasında deyib.

Premyer Liqanın altıncı turunda "Turan Tovuz"la səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib. O bildirib ki, görüşdə özlərinə inamları yüksək olub: “Bizim komanda topla səliqəli davranırdı, oyuna maksimum nəzarət etməyə çalışırdıq. Sözün düzü, Tovuza 3 xal arxasınca getmişdik, amma 1 xal da pis nəticə deyil. Komanda indi dirçəlməyə başlayır, mövsümə yaxşı başlamadıq, xallar itirdik, psixoloji gərginlik var idi. Zamanla hər şeyi düzəldirik, növbəti görüşlərdə daha da yaxşı nəticələr əldə edəcəyik”.

İordaniyalı futbolçu komandanın hədəfləri barədə bunları dedi: “Komandada ab-hava yaxşıdır, ruh yüksəkliyi var. Premyer Liqada ilk "dördlük"də qərarlaşıb avrokuboklarda iştirak etmək istəyirik. Düşünürəm ki, futbolçularından potensialı buna imkan verir. Bundan başqa, ötən il biz Azərbaycan Kubokunun sahibi olmuşuq, bu il niyə kuboku təkrar qazanmayaq?! Qarşıda "Qarabağ"la oyun var, rəqibin adı böyükdür, amma məqsədimiz məğlub olmamaqdır. Bizim üçün rəqibin böyüyü, kiçiyi yoxdur. Hər oyuna qələbə qazanmaq üçün meydana çıxırıq”.

Ömər İordaniya millisinə dəvət almamasından danışıb: “Millidə komandaya ara-sıra dəvət alıram. Amma son zamanlar çağrılmıram, Azərbaycan - İordaniya görüşündə də mənə dəvət gəlmədi. Üzülmürəm, qarşıdakı oyunlarda yenə dəvət gözləyəcəm”.

Ağa Dadaşzadə

İdman.biz