Kaxaber Tsxadadze: “Heç nə edə bilmədik”

Xəbərlər
7 Aprel 2024 19:46
Kaxaber Tsxadadze: “Heç nə edə bilmədik”

“Danışılası çox şey yoxdur. "Zirə" bu gün mükəmməl pressinq etdi, yaxşı oynadı”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIX turunda məğlub olan “Qəbələ”nin Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis “Zirə”yə 0:4 hesablı məğlubiyyəti şərh edib: “Bizim futbolçular istəksiz görünürdülər, ürəklərini qoymurdular. Bu da oyunun nəticəsinə təsir etdi. "Zirə" bizdən daha istəkli idi. İkinci hissədə dəyişikliklər etdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdi. Həyat mübarizədən ibarətdir. Həmişə mübarizə aparmaq lazımdır. Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək”.

Kaxaber Tsxadadze istefa verməyi planlaşdırmadığı ilə suala özünəməxsus cavab verib: “Bilirəm ki, sən bunu istəyirsən. Amma qeyd etmək istəyirəm ki, mən gələndə də komanda bu yerdə idi. Bura kömək etmək üçün gəlmişdim. İmicimi qurban verib "Qəbələ"yə gəldim. Qarşıda kubok oyunu var. Uzunmüddətli planlarımız var. Oyunçuların bəzilərinin fərdi keyfiyyətləri çox aşağıdır. İkinci hissədə ürəklə oynayan futbolçular meydana daxil oldu. "Zirə" yaxşı oynadı deyə biz heç nə edə bilmədik.

Belə görünür ki, komanda indi layiq olduğu yerdədir. "Qəbələ" böyük klubdur. Biz gələndə 9 xal fərq var idi. Möcüzə olmur. Bu klubu saxlamaq lazımdır. Ümid edirəm ki, hamı yaxşı düşünəcək. Komanda sayı çoxalsa, "Qəbələ" Premyer Liqada qalsa, mütləq ilk üçlük uğrunda mübarizə aparacağıq. Aşağı liqaya düşsək, bir il sonra geri qayıdacağıq. Buradakı sponsorın, klub prezidentinin istəklərini bilirəm. 99 faiz insan "Qəbələ"nin Premyer Liqada qalmasını istəyir”.

Qeyd edək ki, “Qəbələ” 16 xalla turnir cədvəlinin sonunu pilləsində qərarlaşıb.

İdman.biz