“Səbail” Qubaya köçür? - Klubdan iddialarla bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

9 Sentyabr 2026 10:59
168
“Səbail” Qubaya köçür? - Klubdan iddialarla bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanın Birinci Liqasında çıxış edən “Səbail” futbol klubunun ikinci turda “Mingəçevir”i Quba Olimpiya İdman Kompleksinin stadionunda qəbul etməsinə icazə verilmədiyi iddia olunub.

Məsələ ilə bağlı İdman.Biz “Səbail” klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.

Klubdan bildirilib ki, komanda 2026/2027 mövsümü üçün ev oyunlarını keçirmək məqsədilə Peşəkar Futbol Liqasına Binə qəsəbə stadionunu təqdim edib:

“Biz mövsümün əvvəlində ev oyunlarımızın keçiriləcəyi stadion kimi Binə qəsəbə stadionunu göstərmişik. Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı isə hələ təqdimat etməmişik. Buna görə də orada oynamağımıza icazə verilməməsi ilə bağlı söhbət gedə bilməz.

Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı müəyyən planlarımız var. Hazırda rəhbərlik bu məsələ üzərində işləyir. Bununla bağlı yaxın günlərdə açıqlama veriləcək”.

Qeyd edək ki, “Səbail” PFK-nın adının “Quba” ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurların davam etdirildiyi barədə klub tərəfindən məlumat yayılıb. “Səbail”in prezidenti Mirzə Bayrampur daha əvvəl Qubada baza tikməyi, uşaq futbolunun inkişafına töhfə verməyi və oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

Xatırladaq ki, “Səbail” - “Mingəçevir” oyunu sentyabrın 10-da saat 16:30-da Binə qəsəbə stadionunda keçiriləcək.

İdman.Biz