Rəşad Sadıqov: “Hər şey ikinci oyunda həll olunacaq”

Xəbərlər
3 Aprel 2024 21:46
216
Rəşad Sadıqov: “Hər şey ikinci oyunda həll olunacaq”

“Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunda yarımfinalın ilk oyunundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis “Qəbələ” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib: “Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi. Fürsətləri qaçırdıq. Sonda rəqib yarım epizod kimi bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Son dəqiqələrdə qapı tirindən dönən topumuz var. Qələbə qazanmışıq. Üç həftə sonra bizi çox vacib cavab oyunu gözləyir. Amma hazırda bizi düşündürən "Qəbələ" ilə çempionat matçıdır”.

Rəşad Sadıqov cütün taleyinə cavab matçında aydınlıq gələcəyini bildirib: “Bu gün iki top fərqi ilə qələbə qazansaydıq da, mənim üçün dəyişən bir şey olmayacaqdı. Hətta bəlkə də cavab görüşü öncəsi daha çox narahatlıq keçirəcəkdim. Hər şey ikinci oyunda həll olunacaq. Futbolçular da başa düşürlər ki, arxayınlaşmaq olmaz”.

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 24-də Qəbələdə olacaq.

İdman.biz