Krunoslav Renduliç: “Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, bizimlədir”

Xəbərlər
17 Mart 2024 22:42
157
Krunoslav Renduliç: “Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, bizimlədir”

"İlk yarıda onlar yaxşı oynadılar. Oyuna nəzarət bizim tərəfimizdəydi”.

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”la oyunu şərh edib: “Bilirdik ki, “Sumqayıt” yaxşı rəqibdir, turnir cədvəlində də bizdən yuxarıda idilər. Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Öz oyunçularımdan razı qaldım. Rəqib bizi sıxanda biz bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf meydana daxil olub, yaxşı performans sərgilədi".

Renduliç əsas məqsədin 2-ci yer olduğunu bildirib: “İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. "Neftçi" və "Sumqayıt" kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Biz addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq. Hər komanda güclənmək istəyir, "Sumqayıt", "Qarabağ", biz. Bizim hazırda bəzi oyunçularımız zədəlidir. Mövqeləri gücləndirməliyik. "Transfer pəncərəsi" açıq olanda, yeni oyunçuların dəvət edilməsi normal haldır”.

“Sabah”ın baş məşqçisi bəzi futbolçuların davranışını dəyişməli olduğunu deyib: “Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bir şeydən razıyam ki, bəzi məqamlar var və oyun müddətində daha sakit ola bilərik. Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Amma əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq”.

Qeyd edək ki, “Sabah” səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələrək, 2-ci pilləyə yüksəlib.

İdman.biz