Sosial şəbəkələrdə Azərbaycan millisinin futbolçularına Litva üzərində 1:0 hesablı qələbəyə görə 10 min manat mükafat veriləcəyi ilə bağlı məlumat yayılıb.
İddialara əsasən, görüşdə sonradan meydana çıxan futbolçular müəyyən edilmiş məbləğin 75 faizini, matçı ehtiyat oyunçular skamyasında keçirənlər isə 50 faizini alacaqlar.
Məsələ ilə bağlı İdman.Biz AFFA-nın mətbuat xidmətinə sorğu göndərib.
Qurumun mətbuat xidmətinin rəhbəri Aidə Əliyeva saytımıza açıqlamasında bildirib ki, milli komanda üzvlərinin mükafatlandırılması AFFA-nın daxili qaydaları və müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir.
“Qeyd etdiyiniz 10 min manat və faiz bölgüsü ilə bağlı məlumatın hansı mənbədən yayıldığı bizə məlum deyil. Ancaq yayılan məlumat bu formada həqiqəti əks etdirmir. Mükafatlandırma ilə bağlı məsələlər daxili qaydalar çərçivəsində tənzimlənir və bununla bağlı əlavə detalları şərh etmirik”.
Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda beş xalla liderdir. Aktivində dörd xal olan Litva ikinci, Lixtenşteyn isə bir xalla üçüncüdür.
