İtaliyanın “Napoli” klubunun baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Mançester Siti”yə qarşı keçirəcəkləri səfər oyunu barədə danışıb.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmanın turnir baxımından həlledici olmayacağını vurğulayıb.
“Bu görüş həlledici olmayacaq. Çünki qalib gəlsək belə, növbəti mərhələyə vəsiqəni təmin etməyəcəyik. Altı xal kifayət deyil, qarşıda daha dörd oyun var. Düşünürəm ki, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək üçün üç qələbə lazımdır. Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Heyətində çoxlu dəyişiklik olsa da, “Mançester Siti” yüksək səviyyəli komandadır və Çempionlar Liqasının qalibi olmağa əsas namizədlərdən biri olaraq qalır”, - deyə Alleqri qeyd edib.
Baş məşqçi komandasındakı kadr problemlərinə də toxunub:
“Ehtiyat oyunçular skamyamız məhduddur, amma zədədən sonra bərpa olunan futbolçularımız var. Di Lorenso və Badyaşil “Leççe” ilə matçda geri dönəcəklər. Maryanuççi və Favazuli iştirak ərizəsinə daxil edilməyiblər. Meret və Verqaranı da itirmişik, lakin bu, futbolun bir hissəsidir. Hazırda bütün Avropada çoxlu zədəli futbolçu var. Texniki və fiziki cəhətdən güclü rəqiblə qarşılaşmada çətinliklər yaşayacağıq. Kollektiv oyun nümayiş etdirməliyik”.
Qeyd edək ki, “Mançester Siti” - “Napoli” qarşılaşması noyabrın 25-nə keçən gecə Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
