Afrika futbolunda tarixi dönüş: Seneqal 10 ay sonra çempionluğunu geri aldı

24 Noyabr 2026 19:12
20
Afrika futbolunda tarixi dönüş: Seneqal 10 ay sonra çempionluğunu geri aldı

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun qalibi ilə bağlı 10 aydan çox davam edən mübahisəyə son qoyub.

İdman.Biz xəbər verir ki, məhkəmə Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edib.

Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərarı ləğv olunub. Final qarşılaşmasının 1:0 hesablı nəticəsi bərpa edilib.

Beləliklə, Seneqal millisi yenidən 2025-ci il Afrika Millətlər Kubokunun qalibi kimi tanınıb, Mərakeş isə çempionluq titulunu itirib.

CAS-ın baş katibi Matye Rib məhkəmənin qarşılaşmanın baş hakiminin hüquqi səhvə yol vermədiyi qənaətinə gəldiyini açıqlayıb.

Xatırladaq ki, yanvarın 18-də Rabatda keçirilən final qarşılaşmasının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeşin xeyrinə penalti təyin edib. Qərara etiraz edən seneqallı futbolçular meydanı tərk ediblər.

Təxminən 14 dəqiqəlik fasilədən sonra qarşılaşma bərpa olunub. Mərakeş millisinin futbolçusu Brahim Dias penaltidən yararlana bilməyib. Əlavə vaxtda isə Pap Qeye Seneqala qələbə qazandıran qolu vurub.

Martın 17-də CAF finalın nəticəsini ləğv edərək Mərakeşi qalib elan edib. Seneqal Futbol Federasiyası martın 25-də bu qərardan CAS-a şikayət verib.

Oktyabrın 8-də İsveçrənin Lozanna şəhərində tərəflərin arqumentlərini dinləyən məhkəmə yekunda Seneqalın xeyrinə qərar çıxarıb.

İdman.Biz