İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

24 Noyabr 2026 18:58
38
İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

İtaliyanın Marsala şəhərində keçirilən həvəskar futbol matçında qalmaqallı hadisə baş verib.

İdman.Biz ANSA agentliyinə istinadən xəbər verir ki, insident noyabrın 22-də Trapani əyalətinin həvəskarlar çempionatının dördüncü turunda “Qalaktik Paolini” və “Atletik Partanna” komandaları arasında keçirilən görüşdə yaşanıb.

Qonaq klubun açıqlamasına əsasən, meydan sahiblərinin 10 nömrəli futbolçusu qarşılaşma zamanı dəfələrlə rəqibin ehtiyat oyunçular skamyasındakı şəxsləri təhqir edib. Daha sonra oyun dayandığı zaman rəqib futbolçuya təpiklə zərbələr endirib.

Baş hakim həm həmin futbolçuya, həm də oyunçusuna kömək etmək üçün müdaxilə edən “Atletik Partanna”nın baş məşqçisinə qırmızı vərəqə göstərib.

Lakin meydandan qovulan futbolçu soyunub-geyinmə otağından əlində bıçaqla geri qayıdıb. O, rəqib komandanın məşqçisini, futbolçularını və rəhbər şəxslərini hədələyib, hətta klub rəsmilərindən birinin boğazından yapışıb.

Hakim qarşılaşmanı yarımçıq dayandırıb. “Atletik Partanna”nın vitse-prezidentinin çağırışı ilə hadisə yerinə gələn polis əməkdaşları şahidlərin ifadələrini alıb və insident iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər.

İtaliya Milli Həvəskarlar Liqasının Siciliya komitəsinin prezidenti Sandro Morqana hadisəni kəskin şəkildə pisləyib.

O, futbolçunun təqsiri təsdiqlənəcəyi təqdirdə sərt cəzalandırılmasını və futbol meydanlarından uzaqlaşdırılmasını tələb edib.

“Atletik Partanna” rəhbərliyi isə hadisə ilə bağlı İtaliya Futbol Federasiyasına və aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini açıqlayıb.

İdman.Biz