Dambrauskas: “Barselona”nın zəif nöqtələrini tapmaq mənim üçün çətindir”

24 Noyabr 2026 18:32
56
Dambrauskas: “Barselona”nın zəif nöqtələrini tapmaq mənim üçün çətindir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında komandasının layiqli mübarizə aparmağa çalışacağını bildirib.

“Biz sabah meydana çıxıb, oyundan zövq almalıyıq. “Barselona”nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqib komandada hansısa zəif nöqtələri tapmaq mənim üçün çətindir. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq”.

Dambrauskas zədə səbəbindən Bakıya gəlməyən Lamin Yamalın yoxluğunun Kataloniya təmsilçisinə ciddi təsir göstərməyəcəyini vurğulayıb:

“Lamin Yamalın gəlməməsi yerli azarkeşlərimiz üçün pis xəbər oldu. O, dünya futbolunda sayılıb-seçilən şəxsdir. Düşünürəm ki, onun olmaması “Barselona” üçün nəyisə dəyişməyəcək. Orada olan oyunçular ayrı-ayrılıqda ulduz futbolçulardır. Mənə görə, bizim oyunçular uşaq olarkən “Real Madrid” və “Barselona”ya qarşı oynamağı xəyal ediblər”.

Litvalı çalışdırıcı komandalar arasındakı səviyyə fərqindən və qarşılaşmanın onun karyerasındakı əhəmiyyətindən də söz açıb:

“Əlimizdən gələnin ən yaxşısını etsək belə, “Barselona” kimi dünyanın ən güclü komandasının səviyyəsinə çatmağımız mümkün deyil. Biz hələ böyüməliyik. Bu, mənim karyeramın ən önəmli matçı olmayacaq. Çünki bütün görüşlər mənim üçün vacibdir. “Barselona” kimi komandaya qol vurmaq çox yaxşı motivasiya olar”.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.Biz