Samir Abasov: “Avrokubok zonası hədəf olmayıb”

Xəbərlər
17 Mart 2024 22:27
140
Samir Abasov: “Avrokubok zonası hədəf olmayıb”

“Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sabah”a 1:2 hesabı ilə uduzan komandanın çalışdırıcısı oyunun gedişində dəyişikliklər etdiyini bildirib: “Sonra rəqibə bir epizod da vermədik. Halbuki, matçdan öncə rəqibin oyununu da etdiyimiz ehtimal düz çıxdı. Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur da, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq. Ninqa passiv deyildi. Oyunun gedişatında 1-2 dəfə mövqeyini dəyişdim. Yəqin ki, ora adaptasiya ola bilmədi. Adlara bölmək istəməzdim. Komanda olaraq pis deyildik”.

Samir Abasov komandanın hədəflərindən danışıb. Mövsümün əvvəlində əsas məqsədin Premyer Liqada qalmaq olduğunu bildirib: “Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası hədəf olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəf çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi”.

Qeyd edək ki, “Sumqayıt” 39 xalla 5-ci pillədə qərarlaşıb.

İdman.biz