“Şamaxı”nın futbolçusu: “Bacardığımız qədər yüksək pillələrə qalxacağıq” - MÜSAHİBƏ

14 Sentyabr 2026 18:27
67
“Şamaxı”nın futbolçusu: “Bacardığımız qədər yüksək pillələrə qalxacağıq” - MÜSAHİBƏ

“Əsas məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır”.

Bunu Azərbaycan millisinin və “Şamaxı”nın futbolçusu Edqar Adilxanov Azərbaycan Premyer Liqasının beşinci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (1:1) sonra AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Ötən gün komandanız “Sumqayıt”la səfər oyununda 1 xal qazandı. Oyunu necə dəyərləndirirsiniz?

- Fikrimcə, kifayət qədər intensiv qarşılaşma alındı. Həm bizim, həm də “Sumqayıt”ın təhlükəli imkanları var idi. Bu oyundan qələbə ilə də ayrıla bilərdik. Sadəcə, hücum və müdafiə xəttində daha diqqətli, daha kreativ və özümüzə inamlı oynamalıyıq. Bunun üçün isə bizə biraz da vaxt lazımdır.

- Bu matçda çox baxımlı qola imza atdınız. Həmin epizodu necə şərh edərdiniz?

- Əslində, qolu vuranda heç ağlıma da gəlmirdi ki, belə baxımlı alınacaq. Sadəcə hiss etdim ki, ötürmə həmin nöqtəyə gələcək və dəqiq mövqe seçərək topa toxunuş etdim.

- Məşqlərdə bu cür epizodlar üçün xüsusi hazırlaşırsınız?

- Əlbəttə, məşqlərdə hər cür epizod və situasiyalara hazır olmaq üçün çalışıram.

- Bu mövsüm komandanızın əsas hədəfi nədir?

- Əsas məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır. Lakin biz bununla kifayətlənməyəcək, turnir cədvəlində bacardığımız qədər yüksək pillələrə qalxmaq üçün mübarizə aparacağıq.

- Növbəti turda evdə “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz. Bu görüş barədə nə deyə bilərsiniz?

- “Araz-Naxçıvan” çətin rəqibdir. Oyuna maksimum dərəcədə hazırlaşmağa və meydandan qələbə ilə ayrılmağa çalışacağıq.

İdman.Biz