Valdas Dambrauskas: “Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur”

14 Sentyabr 2026 23:06
65
Valdas Dambrauskas: “Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının beşinci turunda “Şəfa” üzərində qazanılan qələbəni (3:0) şərh edib və Çempionlar Liqasının “Mançester Yunayted”lə matçından sonra komandanın ünvanına səslənən tənqidlərə cavab verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis “Old Trafford”dakı qarşılaşmadan sonra futbolçulara daxili çempionata köklənmək asan olmadığını deyib.

“Çempionlar Liqasından sonra belə matçlara köklənmək çətindir. Lakin mən futbolçularımın münasibətindən razı qaldım. Yaxşı oynadıq. “Old Trafford”dan sonra bura gəlib matç keçirmək asan deyil. Xoşuma gəlməyən məqamlar da oldu. Birinci hissədə elə səhvlərə yol verdik ki, rəqib qapımıza beş-altı zərbə vurdu. Belə səhvlər İngiltərədə də olub”, – deyə Dambrauskas bildirib.

Məşqçi həmçinin həyata keçirilən rotasiyanı izah edib və “Şəfa”nın oyununu qeyd edib:

“Heyətdə bir neçə dəyişiklik etdik, lakin matça yaxşı və yüksək intensivliklə başladıq. Birinci hissədə iki qol vurduq, halbuki daha çox fərqlənə bilərdik. “Şəfa”ya da haqqını vermək lazımdır – rəqib yaxşı oynadı. Fasilədən sonra da inamlı başladıq və topa daha çox nəzarət etdik. Ümumiyyətlə, razıyam. Bəzi futbolçulara istirahət verildi. Artıq qarşıda “İmişli” ilə matç var, ona hazırlaşacağıq”.

Dambrauskas “Mançester Yunayted”lə matçda açıq futbol oynadığı üçün “Sabah”ın tənqid olunmasına ayrıca münasibət bildirib:

“Futbolda tənqid etmək hamısından asandır. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı yerinə yetirməyə çalışırıq. Tənqidlərə sakit yanaşıram və bu, işimizə heç cür təsir etmir”.

Bununla belə, baş məşqçi müdafiəçi Rəhman Daşdəmirovun ünvanına səslənən tənqidlərə sərt reaksiya verib:

“Əvvəllər deyirdilər: niyə azərbaycanlı futbolçular oynamır? Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın üç ən yaxşı futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan cəmi ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Futbolçularımızı qiymətləndirməyi məsləhət görərdim. Onlar böyük iş görürlər. Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm”.

“Sabah”ın bütün mövsüm ərzində yüksək tempi qoruyub saxlamaq perspektivlərindən danışan baş məşqçi komandasının potensialını vurğulayıb.

“Məqsədimizə matç-matç irəliləyəcəyik. İndi bütün mövsüm haqqında danışmaq çətindir. Əla komandamız və heyətimiz, böyük potensialımız var. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm”, – deyə Dambrauskas sözlərini yekunlaşdırıb.

İdman.Biz