Zaur Haşımov: “Sabah”la layiqincə mübarizə apardıq”

14 Sentyabr 2026 23:37
80
Zaur Haşımov: “Sabah”la layiqincə mübarizə apardıq”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının beşinci turunda “Sabah”a məğlub olduqdan sonra (0:3) komandasının oyununu qiymətləndirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis ilk buraxılan qola qədər futbolçuların oyunundan razı qaldığını bildirib.

“İlk qola qədər oyundan razı idim. Topa daha çox sahib olur, hücumlar təşkil edirdik. Əlbəttə, rəqibin gücünü də nəzərə almaq lazımdır. Dörd gün əvvəl “Mançester Yunayted”lə qarşılaşan çox yaxşı komandaya qarşı oynayırdıq. Düşünürəm ki, “Sabah”la layiqincə mübarizə apardıq”, – deyə Haşımov söyləyib.

Məşqçinin sözlərinə görə, əsas problem buraxılan qollara səbəb olan səhvlərdir:

“Məni məhz buraxılan qollar kədərləndirir. Artıq bir neçə matçdır ki, öz səhvlərimizdən sonra qollar buraxırıq. Ümumilikdə komandadan razı qaldım. Düşünürəm ki, “Şəfa” oyunu ilə çempionata rəng qata bildi. Gələcəkdə daha yaxşı oynayacağıq”.

Haşımov həmçinin vurulan və buraxılan qollara görə çempionatın ən pis göstəricilərinə malik komandalardan biri olmalarını şərh edib:

“Əlbəttə, bu, bizi narahat edir. Çempionluq uğrunda mübarizə aparan bəzi komandalardan daha çox qol buraxmışıq. Bununla barışmaq fikrində deyilik. Tədbirlər görmək və vəziyyəti düzəltmək lazımdır”.

Baş məşqçi qapıçı Nicat Mehbalıyevin səhvlərindən də danışıb:

“Nicat bizim futbolçumuzdur. O bilir ki, digər qapıçılarla rəqabət aparmalı olacaq. Söhbət Nicatı cəzalandırmaqdan getmir”.

İdman.Biz