Azərbaycan millisinin sabiq kapitanı, tanınmış futbolçu və məşqçi Tərlan Əhmədovun bu gün 55 yaşı tamam olub.
İdman.Biz xəbər verir ki, veteran futbolçu yubileyini dostlarının əhatəsində qeyd edib.
Tədbirdə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov da iştirak ediblər.
Yubiley münasibətilə Mahmud Qurbanov Tərlan Əhmədova üzərində adı, soyadı və 55 nömrəsi yazılmış xüsusi futbol forması hədiyyə edib. Veteran futbolçular xatirə şəkli çəkdiriblər.
Yayılan videogörüntülərdə Əhmədovun dostları ilə birlikdə süfrə ətrafında toplaşdığı və yubiley tortunun hazırlandığı görünür.
Qeyd edək ki, 1971-ci il noyabrın 17-də anadan olan Tərlan Əhmədov futbolçu karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Turan” və digər klubların formasını geyinib. O, Azərbaycan millisində 75 oyun keçirib, 1999-2005-ci illərdə yığmanın kapitanı olub.
Əhmədov məşqçi kimi “Neftçi”, AZAL, “Keşlə” və “Kəpəz” klublarında çalışıb.
