Rəşad Sadıqov: “Bərabərlik bizim üçün qızıla bərabər idi”

Xəbərlər
2 Mart 2024 19:29
628
Rəşad Sadıqov: “Bərabərlik bizim üçün qızıla bərabər idi”

“Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXV turunda heç-heçə oynayan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis “Turan Tovuz”la qarşılaşmada vacib xal qazandıqlarını etiraf edib: “Əslində oyuna çox yaxşı başlamışdıq. Məqsəd zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utziq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik. Daha sonra qırmızı vərəqə və azlıqda qaldıq. Bu qədər hadisələrdən sonra ikinci hissədə yaxşı mübarizə aparıb çox vacib 1 xal qazandıq. Oyundan öncə hər birimiz təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən sonra bərabərlik də bizim üçün qızıla bərabər idi”.

Rəşad Sadıqov hücumdakı problemləri qabardıb. O, zədələrin komandanın oyununa təsir etdiyini bildirib: “Hamısı bir-birindən önəmli idi. Bizim hücum oyunçularını əvəzləməyə futbolçu yoxdur. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma yəqin ki, qırmızıdan sonra rəqib daha ürəkli oynadı. Biz bir az demotivasiya olduq. İlk yarıda son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçular daha inamlı idilər. Yaxşı fürsət yarandı, penalti. Bundan istifadə edib hesabı bərabərləşdirdik. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir”.

Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.

İdman.biz