“Mingəçevir”də maliyyə böhranı iddiası - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

14 Oktyabr 2026 14:42
99
“Mingəçevir”də maliyyə böhranı iddiası - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Ölkə mediasında dərc edilən xəbərlərdə iddia olunur ki, Azərbaycanın futbol üzrə Birinci Liqa təmsilçisi “Mingəçevir” klubu çətin günlərini yaşayır. Belə ki, klubun maliyyə problemindən əziyyət çəkdiyi, futbolçularının artıq iki aydır əməkhaqlarını ala bilmədikləri vurğulanır.

Sözügedən xəbərlərin dəqiqliyini aydınlaşdırmaq məqsədi ilə “Mingəçevir” futbol klubunun idarə heyətinin sədr müavini Ruslan Həmidov müraciət etdik.

Ruslan Həmidov İdman.Biz-ə verdiyi açıqlamada klubda maliyyə probleminin yaşandığını təsdiqləməsə də, yayılan xəbərləri təkzib də etmədi.

“Bilirsiniz ki, sabah “Mingəçevir”i doğma meydanda “Şimal FK” ilə çətin oyun gözləyir. Hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik. Məhz bu oyundan sonra klubdaxili iclas keçiriləcək və ancaq sonra klub haqqında yayılan xəbərlərə aydınlıq gətirə bilərik. Təəssüf ki, sizə bundan əlavə şərh verə bilməyəcəm” - deyə “Mingəçevir” rəsmisi qeyd edib.

Məlumat üçün əlavə edək ki, Azərbaycanın futbol üzrə Birinci Liqasında təmsil olunan “Mingəçevir” klubu 2025/2026 mövsümündə keçirdiyi dörd oyunda bir xal qazanaraq turnir cədəvlində doqquzuncu pillədə qərarlaşıb.

İdman.Biz