“Palmeyras”dan 58 ilin revanşı və dördüncü Libertadores zəfəri - VİDEO

29 Noyabr 2026 02:20
50
“Palmeyras”dan 58 ilin revanşı və dördüncü Libertadores zəfəri

Braziliyanın “Palmeyras” klubu Libertadores Kubokunun 2026-cı il mövsümünün qalibi olub. San-Paulu təmsilçisi finalda Argentinanın “Estudiantes” komandasını 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Uruqvayın paytaxtı Montevideodakı “Sentenario” stadionunda keçirilən qarşılaşmanın yeganə qolunu 52-ci dəqiqədə Ramon Sosa vurub. Paraqvaylı hücumçu kolumbiyalı komanda yoldaşı Con Aryasın məhsuldar ötürməsindən sonra fərqlənib.

İlk hissəsi qolsuz bərabərliklə başa çatan görüşdə fasilədən sonra üstünlük qazanan “Palmeyras” hesabı final fitinədək qoruyub. “Estudiantes”in təzyiqi artıraraq tarazlığı bərpa etmək cəhdləri nəticə verməyib.

Braziliya klubunun qapıçısı Karlos Migel də təhlükəli epizodlarda inamlı oyunu ilə seçilib. Onun qurtarışları komandasının minimal üstünlüyünü saxlamasında mühüm rol oynayıb. Portuqaliyalı baş məşqçi Abel Ferreyra isə “Palmeyras”la üçüncü dəfə Libertadores Kubokunu qazanıb. Mütəxəssis əvvəlcə 2020 və 2021-ci il mövsümlərində bu uğura imza atmışdı.

“Palmeyras” üçün bu, turnir tarixində dördüncü çempionluqdur. Klub daha əvvəl 1999, 2020 və 2021-ci illərdə kuboku başı üzərinə qaldırıb. Bununla da San-Paulu təmsilçisi dörd titulu olan “Flamenqo”ya çataraq Libertadores Kubokunu ən çox qazanan Braziliya klublarından birinə çevrilib.

Ötən mövsüm də finala yüksələn “Palmeyras” həmin vaxt “Flamenqo”ya 0:1 hesabı ilə uduzmuşdu. Bu dəfə isə komanda həlledici görüşü qələbə ilə başa vurub.

Finalın ayrıca tarixi əhəmiyyəti də olub. “Palmeyras”la “Estudiantes” 1968-ci ildə də Libertadores Kubokunun qalibini müəyyənləşdiriblər. Həmin vaxt ilk iki oyundan sonra keçirilən əlavə qarşılaşmada “Estudiantes” məhz “Sentenario” stadionunda 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, “Palmeyras” 58 il sonra eyni arenada rəqibindən final məğlubiyyətinin revanşını alıb.

“Estudiantes”in aktivində də dörd Libertadores Kuboku var. Turnirin rekordçusu yeddi çempionluğu olan Argentinanın “İndependiente” klubudur. “Boka Xuniors” altı, Uruqvayın “Penyarol” komandası isə beş dəfə kuboku qazanıb.

Bu nəticə ölkələr üzrə tarixi sıralamanı da dəyişib. Final ərəfəsində hərəyə 25 titulu olan Braziliya və Argentina arasında bərabərlik pozulub. “Palmeyras”ın zəfəri ilə Braziliya klubları çempionluq sayını 26-ya çatdıraraq vahid liderə çevriliblər. Eyni zamanda, Braziliya təmsilçilərinin 2019-cu ildən davam edən çempionluq seriyası səkkizinci mövsümə uzanıb.

Qitə çempionu adını qazanan “Palmeyras” FIFA-nın 2026-cı il Qitələrarası Kubokunda və 2029-cu il Klublararası Dünya Çempionatında iştirak hüququ da əldə edib.

İdman.Biz