Fransa Liqa 1-in 12-ci turunda “Lans” səfərdə “Anje” üzərində böyükhesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, “Raymon Kopa” stadionunda keçirilən qarşılaşma qonaqların 5:2 hesablı üstünlüyü ilə başa çatıb. “Lans”ın bütün qollarını seneqallı hücumçu Abdalla Sima vurub.
Meydan sahibləri görüşdə iki dəfə hesabda önə keçiblər. Amin Əl-Uazzani 20-ci dəqiqədə hesabı açıb. Sima isə 43-cü dəqiqədə tarazlığı bərpa edərək komandaların fasiləyə 1:1 hesabı ilə yollanmasını təmin edib.
İkinci hissənin əvvəlində Əl-Uazzani yenidən fərqlənib. 48-ci dəqiqədə dublunu rəsmiləşdirən hücumçu “Anje”ni bir daha önə çıxarıb.
Lakin bundan sonra Sima daha dörd qol vurub. Seneqallı futbolçu 64-cü dəqiqədə hesabı bərabərləşdirib, 70-ci dəqiqədə isə het-trik edərək “Lans”ı ilk dəfə önə keçirib. O, 76-cı və 81-ci dəqiqələrdə də rəqib qapısına yol tapıb. Beləliklə, Sima son dörd qolunu cəmi 17 dəqiqə ərzində vurub.
Bu çıxışı ilə hücumçu Liqa 1-də 2014-cü ildən sonra bir qarşılaşmada beş qol vuran ilk futbolçu olub.
“Lans” çempionatdakı üç oyunluq qələbəsizlik seriyasına son qoyaraq xallarını 17-yə çatdırıb və yeddinci pilləyə yüksəlib. “Anje” isə səkkiz xalla 17-ci yerdə qalıb.
