Ayxan Abbasov: “Qorxduğumuz başımıza gəldi”

Xəbərlər
2 Mart 2024 18:54
520
Ayxan Abbasov: “Qorxduğumuz başımıza gəldi”

“Çətin səfər idi. "Zirə"yə səfərdə qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” (1:1) ilə heç-heçə oynayan komandanın çalışdırıcısı qol vəziyyətlərindən istifadə edə bilmədiklərini bildirib: “Oyun baxımından üstünlük bizdə idi. İlk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüz faizli iki epizoddan yararlana bilmədik. Zədələrdən və qırmızı vərəqədən sonra bilirdik ki, rəqib ikinci yarıda dəyişikliklər edəcək və bizi əks-hücumlarda yaxalayacaq. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdə səhv etdik və penalti oldu. Bundan sonra epizodlar var idi. Çempionat gərgin keçir, hər xal vacibdir”.

Ayxan Abbasov heyətdəki çatışmazlıqlarla bağlı danışıb: “Bu gün bizim də itkilərimiz var idi. Aleks Souza zədəli idi, bir məşq etmişdi. Riskə getdik, onu meydana buraxdıq. Denis Marandiçinin yoxluğu təsir etdi. O oynayanda cinahdan asmalar daha yaxşı olur. Rəqib yaxşı müdafiə olundu. "Zirə" çempionatda ən az qol buraxan komandadır. Rəşad Sadıqov komandanı hər rəqibə görə hazırlaya bilir. Bir az da yaxşı ola bilərdik. Bunun üçün çalışmaq lazımdır”.

Qeyd edək ki, “Turan Tovuz” XXV turdan sonra 32 xal toplayıb.

İdman.biz