İki ildə 10 xal aldığımız tanışlar - TƏHLİL

Təhlil
9 Fevral 2024 11:16
142
İki ildə 10 xal aldığımız tanışlar - TƏHLİL

Millətlər Liqasının Parisdə keçirilən püşkatması Azərbaycan yığmasının rəqiblərinin adına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, C liqasında mübarizə aparacaq millimiz özü üçün tanış komandalarla görüşəcək.

Baş məşqçi axtarışında olan yığmamız İsveç, Slovakiya və Estoniya ilə dəfələrlə qarşılaşıb. Bu rəqiblərlə ümumilikdə 24 duel baş tutub.

Zlatanın “siftə”si, onun amansız və sınmış həmyerliləri
Qrupumuzda 1-ci səbətdən düşən komanda İsveç millisidir. Şimallılar son vaxtlar eniş dövrünü yaşayır. Zlatan İbrahimoviçin həmyerliləri ilə indiyədək 4 matç baş tutub. DÇ-2002 AVRO-2024-ün seçmə mərhələlərində millilərin yolları kəsişib.
İlk üç dueldə amansız olan skandinaviyalılar quru hesablı qələbələri sıralayıblar. İsveçdəki hər iki görüşdə darmadağın qeydə alınıb – 0:3, 0:5. Millimizin bu rəqiblə səfərdəki ilk qolu İbrahimoviçin də karyerasında iz qoyub. Ölkəsinin futbol əfsanəsi millidə ilk qolunu məhz yığmamızın qapısından keçirib. Komandamızın yeganə təsəllisi də darmadağınla gerçəkləşib. Yığmamız son görüşdə rəqibinin qapısından üç cavabsız top keçirib. Emin Mahmudovun biri uzaq məsafədən olmaqla vurduğu iki top və Renat Dadaşovun bir qolu rəqibə şok məğlubiyyət yaşadıb. Amma həmin matçadək bütün şanslarını itirən və bu üzdən sınmış rəqib üçün Bakı səfəri formal xarakterli idi.
Ümumilikdə, 1 qələbə və 3 məğlubiyyəti olan yığmamız 3 qol və 9-nu buraxıb.

2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0
27 mart 2023. Solna. AÇ. İsveç - Azərbaycan 5:0
16 noyabr 2023. Bakı. AÇ. Azərbaycan - İsveç 3:0
DÇ – dünya çempionatının seçmə oyunu, AÇ – Avropa çempionatının seçmə oyunu, UML – UEFA Millətlər Liqası, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu

Tarixə düşən slovaklar
İkinci səbətin qrupumuza bəxş etdiyi rəqib Slovakiya olub. Bu komanda sanki millimizdən “əl çəkmir”. AVRO-1996-dan beynəlxalq arenaya çıxan Azərbaycanın Slovakiya ilə 6-cı dəfə eyni qrupa düşür. Bunadək beş dəfə yolları kəsişən rəqiblər 10 dəfə qarşılaşıb. Slovakiya millimizin rəsmi turnirlərdə (dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqası) ən çox qarşılaşdığı komandadır. 2024-cü ilin sonunda onlarla ümumi qarşılaşma sayı 12-yə çatacaq. Bununla da ən çox görüşdüyümüz Moldovanın rekordu təkrarlanaq. Yeri gəlmişkən, ilin sonunadək Estoniya ilə duellərin sayında da 12-yə çatacaq.
Slovakiya ilə əvvəlki matçlara gəlincə, dünya çempionatları və Millətlər Liqasının hərəsində iki, Avropa birinciliyi yolunda 6 oyun baş tutub. 10 qarşılaşmada cəmi 2 qələbəsi olan komandamız 8 dəfə uduzub. 7 qol vuran millimiz üçqat artığını – 21-ni buraxıb. Qələbələrin ikisi də tsiklin ikinci görüşünə təsadüf edib. DÇ-2002 VƏ UML-2023-də ilk qarşılaşmada rəqibinə uduzan yığmamız sonradan revanş alıb. Son uğur isə səfərdə gerçəkləşib. Amma rəqibin üç böyükhesablı qələbəsi var ki, Slovakiyada 4:1 və 3:0, Bakıda 5:1 hesabı rəqibə sevinc bəxş edib. Vadim Vasilyev bu matçlarda millimizin bombardiridir – 2 qol. Nazim Süleymanov, Zaur Tağızadə, Ramil Şeydayev, Renat Dadaşov, Höccət Haqverdi də slovakiyalıların qapısına yol tapıb.

29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1
16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya 0:1
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya 0:1
28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan 3:1
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya 2:0
11 iyun 2019. Bakı. AÇ. Azərbaycan - Slovakiya 1:5
19 noyabr 2019. Trnava. AÇ. Slovakiya - Azərbaycan 2:0
10 iyun 2022. Bakı. UML. Azərbaycan – Slovakiya 0:1
22 sentyabr 2022. Trnava. UML. Slovakiya – Azərbaycan 1:2

Autsayderlə üz-üzə
Qrupumuzun autsayderi Estoniya sayılır. Bu rəqiblə yalnız bir dəfə -AVRO-2024-ün seçmə mərhələsində yollarımız kəsişib. Lakin bunadək Baltikyanı ölkə təmsilçisi ilə 8 yoldaşlıq oyunu baş tutub. Seçmə tsikldə yığmamız Bakıda xal itirib, səfərdə inamlı qələbə qazanıb. Amma əvvəlki matçlarda üstünlük rəqibin tərəfində olub. Ümumilikdə 10 qarşılaşmada 2 qələbə və 5 heç-heçəsi olan yığmamız 3 dəfə uduzub. Qələbə sayındakı kimi top fərqində də üstünlük rəqibdədir – 8-9. Estonlarla ilk 4 matçda qola həsrət qalan yığmanın seriyasını Ceyhun Sultanov qırıb. Son üç dueli qolsuz tərk etməyən komandamızda Xaqani Məmmədov, Qurban Qurbanov, Vyaçeslav Lıçkin, Rauf Əliyev, Anton Krivotsyuk, Toral Bayramov, Ramil Şeydayev də qol sevinci yaşayıb.

15 fevral 1996. Larnaka. YO. Estoniya – Azərbaycan 0:0
1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya 0:2
4 iyun 1997. Vilyandi. YO. Estoniya – Azərbaycan 1:0
16 may 1998. Vilyandi. BT. Estoniya – Azərbaycan 0:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya 2:1
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya 2:2
3 iyul 2002. Kuressaare. YO. Estoniya – Azərbaycan 0:0
15 noyabr 2013. Tallinn. YO. Estoniya - Azərbaycan 2:1
17 iyun 2023. Bakı. AÇ. Azərbaycan – Estoniya 1:1
13 oktyabr 2023. Tallin. AÇ. Estoniya - Azərbaycan 0:2

İki ildə 10 xal
Kifayət qədər tanış olan rəqiblərə indiki millimiz də yaxşı bələddir. Son iki ildə hər üç yığma ilə yollar kəsişib. Canni de Byazinin rəhbərliyi altında Millətlər Liqasının 2022-ci, AVRO-2024-ün 2023-cü ildə baş tutan seçmə oyunlarında bu komandalarla görüşmək mümkün olub. Həmin duellər millimiz üçün müsbət sayıla bilər.
Millətlər Liqasında Slovakiyaya evdə 0:1 hesabı ilə uduzan yığmamız səfərdə qalib gəlib – 2:1. AVRO-2024-ün seçmə tsiklində İsveçdəki 5 cavabsız qolun revanşı Bakıda vurulan üç topla reallaşıb. Estoniyadan isə 4 xal almaq mümkün olub. Evdə büdrəyən (1:1) de Byazinin yetirmələri Baltik sahillərindən üç xalla dönüb – 2:0. Bir sözlə, son iki ildə bu rəqiblərlə 6 matçdan 10 xal əldə olunub. Bu il eyni rəqiblərlə növbəti 6 görüş baş tutacaq. Eyni nəticələrin təkrarlanması yetərincə uğurlu göstərici sayılacaq.

Qeyd edək ki, Millətlər Liqasının oyunları sentyabrda start götürəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: