“Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var”.
İdman. Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistanla yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Abbasov qarşıdakı Litva ilə oyunun fərqli xarakter daşıyacağını bildirib:
“Bəzi mövqelər var idi ki, bizə sual doğururdu, o futbolçuları görmək istəyirdik. Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır. Onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq”.
Baş məşqçi Rəhim Sadıqovun hücumun sivri ucunda çıxış etməsinin səbəbini də açıqlayıb:
“Xeyr, bu, bizim oyun üslubumuz idi. Rəqibi pressinq edəndə iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlarda rəqibin müdafiəsini yarmaq üçün ondan gizli hücumçu kimi istifadə etmək istəyirdik”.
Baş məşqçi zədələnən futbolçuların durumundan da məlumat verib:
"Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır".
Abbasov Litva səfərindən bir xalın da əhəmiyyətli ola biləcəyini bildirib:
“Qrupda üç komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq”.
