Qurban Qurbanov: “Müdafiədə boşluqlar verdik”

Xəbərlər
9 Fevral 2024 00:29
211
Qurban Qurbanov: “Müdafiədə boşluqlar verdik”

“Məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçmək vacib idi. Qarşımızda fərqli "Sabah" var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunda yarımfinala yüksələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis 1/4 finalın cavab matçında “Sabah”a 3:4 hesablı məğlubiyyəti şərh edib: “Futbolçuların oyun ritmi məni qane etdi. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması önəmli idi. Abbas uzun müddətdir oynamırdı. Bu gün 90 dəqiqə meydanda oldu. Adama Diakabi və digərlərinin oynaması vacib idi. Ümumi razı qaldığım məqamlar da oldu, qalmadığım da. Futbolçularla öz aramızda müzakirəmiz olacaq. Nəticə üçün oynadılar. Müdafiədə boşluqlar verdik. Bu da normaldır. Ən çox rotasiyanı müdafiədə etmişdik”.

Qurban Qurbanov “Qarabağ”ın futbolçularına gələn təkliflərə fikrini bildirib: “Sevinirəm ki, burada olan futbolçulara kənarda maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir. Bəzi futbolçular isə bunu normal qəbul edir. Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək düz edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq”.

İdman.biz