Şahin Diniyev: "O yol uzaqda deyil”

Xəbərlər
3 Fevral 2024 19:39
236
Şahin Diniyev: "O yol uzaqda deyil”

“Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxt 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis nəticədən məmnun olmasa da, komandanın oyunundan razı qalıb: “Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi. Artıq cinah oyunçularımız qayıdıb. Onlara bir-iki həftə vaxt lazımdır. Zamanla daha yaxşı "Səbail" olacaq. Bu gün məğlub olsaq da, utanılası bir əlamət görmürəm. Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə nəticə bizi məyus edir. Heç-heçə daha ədalətli olardı. "Səbail" bu gün pis futbol oynamadı”.

Şahin Diniyev zədəli futbolçuların komandanın oyununa təsir etdiyi deyib. O, Avropa kubokları şansından danışıb: “12-ci turda "Turan Tovuz"la matçdan sonra komanda qopdu. Bizim kimi komandada bu qədər zədəli oyunçunun olması çətindir. Məcbur olub heç vaxt oynamadığım "beşli" sistemə keçdim. Siz dediyiniz uşaqlıqdır, səviyyədir. 28-30 yaşlı futbolçu ilə bunun üzərində işləməyə dəyməz. Başlanğıcda bizim tapşırığımız ilk "6-lıq"da olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, avrokuboklarda da oynamaq gücündəyik. Bu komandanın potensialı ona yetər. Bu oynasaq, o yol uzaqda deyil”.

Qeyd edək ki, “Qarabağ”la oyunda “Səbail”in qapısına 3 penalti təyin olunub və qonaq komanda iki dəfə dəqiq olub.

İdman.biz

Məqalədə: