Musa Qurbanlı: “Xal itkiləri işimizi çətinləşdirib, amma hədəfimiz dəyişməyib”

7 Noyabr 2026 01:23
57
Musa Qurbanlı: “Xal itkiləri işimizi çətinləşdirib, amma hədəfimiz dəyişməyib”

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyətdən sonra komandasının son nəticələrini dəyərləndirib.

Hücumçu İdman.Biz-ə açıqlamasında xal itkilərinin çempionluq yolunda vəziyyəti çətinləşdirdiyini, lakin komandanın məqsədindən geri çəkilmədiyini bildirib.

“Çempionluq uğrunda mübarizə aparan komandaların sayı artıb. Rəqiblərimiz güclənib və əvvəldən bilirdik ki, asan olmayacaq. Xal itkiləri işimizi çətinləşdirib, amma hədəfimiz dəyişməyib. Sona qədər mübarizə aparacağıq”, - deyə Qurbanlı vurğulayıb.

Futbolçu “Turan Tovuz”un son dövrlərdəki uğurlu çıxışına da diqqət çəkib. Onun sözlərinə görə, rəqibin gücünü nəzərə alaraq çətin qarşılaşmaya hazırlaşsalar da, meydandan qələbə ilə ayrılmaq istəyiblər.

Hücum xəttindəki problemlərə toxunan Qurbanlı qol imkanlarından yararlana bilməmələrinin səbəblərini araşdıracaqlarını söyləyib.

“Görünür, müəyyən çatışmazlıqlarımız var. Məşqçilər heyəti bunun üzərində işləyəcək. Son oyunlardakı xal itkilərinə konkret səbəb göstərmək çətindir. Hamımız səhvlərimizdən nəticə çıxarmalıyıq”, - deyə o əlavə edib.

İdman.Biz