“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərə rəhmət, qazilərə isə sağlamlıq arzulayıb.
Məmmədov komandasının çempionatın liderinə qarşı mübarizəsindən danışaraq futbolçularının meydanı xalsız tərk etmək istəmədiklərini bildirib:
“Bilirdik ki, “Neftçi”yə qarşı oynayırıq, bizim əzəli rəqibimizdir. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün bura məğlub olmaq üçün gəlməmişdik. Burada xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Futbolçulara hər şeyə rəğmən təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Milli fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, çempionatımıza bu futbolçular və “Kəpəz” rəng qatmağa davam edəcək”.
Baş məşqçi Benitonun fasilədə əvəzlənməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu qərar taktiki dəyişikliklə bağlı olub:
“Birinci hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. Gördük ki, “Neftçi”nin cinahları daha aktivdir. Düşündük ki, ikinci hissədə sxemdə dəyişiklik edək və 4-5-1 sistemi ilə oynayaq. Taktiki əvəzetmə etdik”.
Məmmədov David Domqjoninin yoxluğunun komanda üçün itki olduğunu etiraf etsə də, onu əvəzləyən Ürfan Abbasovun çıxışından razı qaldığını bildirib:
“Bəli, onun olmaması bizim üçün itki idi. Amma qeyd etmək istəyirəm ki, onun əvəzinə Ürfan Abbasov oynayırdı. İlk dəfə deyildi ki, Ürfan bu mövqedə oynayırdı. O da layiqincə işinin öhdəsindən gəldi. Ürfana da o cür oynadığı üçün təşəkkür edirəm”.
Növbəti turda “Qarabağ”la qarşılaşacaq Gəncə təmsilçisinin çalışdırıcısı həmin oyuna da qələbə üçün çıxacaqlarını söyləyib:
““Qarabağ”la oyunu komandam üçün üç xal kimi görürəm. Düzdür, çox çətin oyun olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördünüz ki, azarkeşlərimiz bizi burada da tək qoymamışdılar. Razıyam ki, futbolda məğlubiyyət də var. “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq”.
Azər Məmmədov Namik Ələskərovun Azərbaycan millisinə dəvət olunmasına xüsusi münasibət bildirib. O, bunun həm futbolçunun, həm də komanda yoldaşlarının zəhmətinin nəticəsi olduğunu qeyd edib:
“Namik nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. Beş il idi, “Kəpəz”dən heç kim milliyə dəvət edilmirdi. Bu, onun zəhmətinin bəhrəsidir. “Zirə”dən “Kəpəz”ə gəldi. Halbuki “Zirə” yuxarı yerlərə oynayır, “Kəpəz” Premyer Liqada qalmağa. Bu addım bir futbolçu üçün elə-belə addım deyil. Namikin gəlib Gəncədə çəkdiyi əziyyətin və komanda yoldaşlarının çəkdiyi əziyyətin bəhrəsidir. Ona uğurlar arzulayıram. Allah qoysa, yaxşı çıxış edər”.
Mütəxəssis gəncəli futbolçuların milli komandaya dəvət olunması üçün bölgədə futbol akademiyalarının fəaliyyətində ciddi dəyişikliklərə ehtiyac olduğunu da diqqətə çatdırıb:
“Gəncəli futbolçuların milli komandamıza dəvət edilməsi üçün Qərb zonasında akademiyada köklü dəyişikliklər lazımdır. Strategiya və struktur qurmaq lazımdır. Nə vaxta kimi həmin şey olmayacaq, çətin olacaq ki, gəncəli futbolçu millimizdə oynasın”.
