“Mehdi” qayıdır – TƏHLİL

Təhlil
2 Fevral 2024 13:28
751
“Mehdi” qayıdır – TƏHLİL

Sabah start götürəcək Azərbaycan Premyer Liqasının XXI turu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmirdən sonrakı açılış ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, zəngin tarixə malik arena uzun fasilədən sonra rəsmi matçı qəbul edəcək.

Prezident İlham Əliyevin Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər planı barədə sərəncamı ilə aparılan işlər yekunlaşdıqdan sonra arenanın açılışı olacaq. Fevralın 4-də baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşündən əvvəl müğənnilər Hiss və "Sumqayıt uşağı" Murad Arif oyundan əvvəl konsert proqramı ilə çıxış edəcək.

İkinci liqadan dünya çempionatına qədər
İnşasına 1954-cü ildə qərar verilən, tikintisi 1963-cü ildə başlayan arenanın açılış üç il sonra baş tutub. 1966-cı il iyulun 1-də SSRİ çempionatının B qrupunun "Polad" – “Belaya Kolitva” matçında Telman Salahovun vurduğu yeganə qol sumqayıtlılara 1:0 hesablı qələbə qazandırıb. Bu qol İkinci Dünya Müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin adının verildiyi stadionda ilk top kimi tarixə düşüb. Əfsanəvi “Mixaylo” ləqəbli partizanın döyüş yolu kimi arena da əlamətdar hadisələrlə zəngin olub. SSRİ dövründə Sumqayıtın müxtəlif adlar – “Polad”, “Vosxod”, “Xəzər” kimi çıxış edən komandaları aşağı liqalarda, əsasən də ikinci dəstədə mübarizə aparıb. 1985-ci ildə isə gənclər arasında dünya çempionatının bir qarşılaşması azarkeşlərin “Mehdi” kimi tanıdığı məkanda baş tutub.

“Bir nömrə”
SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin ilk illəri ölkənin bir nömrəli arenası ünvanını da dəyişib. Müharibə illəri, keçid dövrü olması, müəyyən qeyri-sabitlik, Bakıdakı Respublika stadionuna sahiblik uğrunda müxtəlif çəkişmələr bu arenanı idealdan uzaq duruma salıb. Bu üzdən həmin vaxt Mehdi Hüseynzadə adına stadion Azərbaycanın bir nömrəli idman qurğusuna çevrilib. Nəticədə Azərbaycan klublarının avrokuboklardakı ilk illərdə oynaması üçün yalnız bir stadion UEFA tərəfindən bəyənilib. Təmsilçilərimiz qitə arenasına “Mehdi”də çıxıblar. Həmçinin, Azərbaycan Superkubokunun görüşləri də bu arenada təşkil olunub. Uzun müddət U-21 millimiz ev oyunlarını bu idman qurğusunda keçirib.

Darmadağınla start
1992-ci ildən başlayan Azərbaycan çempionatlarına elə ilk gündən Mehdi Hüseynzadə adına stadion da qucaq açıb. Mayın 3-də Sumqayıt və Lənkəranın “Xəzər” komandaları üz-üzə gəlib. Meydan sahiblərinin 5:0 hesablı darmadağını ilə bitən görüşdə Nazim Əliyev het-trikə sevinib. Bu, yarışın tarixində bir futbolçunun üç qol vurduğu ilk matç olub.
1992-ci ildən başlayan tarixdə şəhərin komandaları - “Kimyaçı” və “Sumqayıt” adlarını da daşıyan “Xəzər”, “Gənclərbirliyi”, “Standard” və indiki “Sumqayıt” çempionat görüşlərini “Mehdi”də oynayıb. Ağdamın işğalından sonra müxtəlif şəhərlərdə məskunlaşan “Qarabağ” da bir müddət rəqiblərini bu idman qurğusunda qəbul edib. Müxtəlif komandalar – “Xəzər Lənkəran”, “MKT-Araz” və digərləri də bəzi oyunlarını burada keçirməli olub. Üstəlik, Sumqayıtın aşağı liqadakı təmsilçiləri, qadınlardan ibarət “Gömrükçü” və “Səbuhi” klubları da özü üçün bu stadionu doğma sayıb.

“Qarabağ”dan “Neftçi”yə qədər 3555 gün
Sumqayıtın əsas arenasındakı son çempionat görüşü 2013/14 mövsümündə keçirilib. 2014-cü ilin mayının 12-də Azərbaycan çempionluğunu təmin edən “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Matçın taleyini bir qol həll edib. Məhəmməd Qurbanovun 49-cu dəqiqədəki qolu Qurban Qurbanovun komandasını məyus edib. “Mehdi”dəki son matçın baş hakimi Rauf Cabarov, son vərəqənin sahibi Məhəmməd Qurbanov olub.
Cəmi 1350 tamaşaçının izlədiyi qarşılaşmadan təxminən 10 il sonra bu arenada Premyer Liqa görüşü keçiriləcək. “Qarabağ”la matçdan 3555 gün sonra “Neftçi” “Mehdi”də qonaq olacaq.

Tək komandalı böyük şəhərin üç stadionu
“Sumqayıt” növbəti ev oyununu da “Qarabağ”a qarşı keçirib və yenə üç xal qazanıb. 2014-cü ilin yayında Mehdi Hüseynzadədən köçməli olan “Gənclik şəhəri” təmsilçisi elə həmin idman qurğusunun yaxınlığında inşa olunan “Kapital Bank Arena”da oynamalı olub. Buradakı açılış uğursuz alınsa da, sonda yaxşı nəticələnib. “Sumqayıt” meydanda 0:3 uduzsa da, sonradan İntizam Komitəsi tərəfindən 3:0 hesablı texniki qələbə alıb. Həmin vaxtdan “Sumqayıt” 10 ilə yaxın müddətdə “Mehdi”dən kənarda, yaxındakı arenada oynayıb. Sumqayıtlı azarkeşlərin uzun illər boyu işlətdiyi “Böyük şəhərin tək komandası” ifadəsi yalnız qısa müddətdə “Xəzər”lə “Gənclərbirliyi”nin fərqli liqalarda qiyabi rəqabət apardığı dövrdə pozulubsa, şəhərin stadionları daha çox olub. “Mehdi” və daha əvvəl tikilən “İnşaatçı”nı da nəzərə alsaq, “Kapital Bank Arena” üçüncü stadiondur.

“250” görən “Top-5”də
“Sumqayıt” – “Neftçi” matçı Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq 279-cu çempionat oyunudur. Arenanın istifadədə olduğu 1992-2014-cü illərdə burada ümumilikdə 278 qarşılaşma baş tutub. Ölkə çempionatlarının 32 illik tarixində yalnız 5 stadion 250 və daha çox görüşə ev sahibi olub. Sumqayıtın əsas idman qurğusu “Top-5”də Tofiq Bəhramov adına Respublika stadionu, “Şəfa”, Gəncə və Tovuz şəhər stadionları ilə yanaşı yer alıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: