“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 10-cu turunda “Sabah” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonrakı mətbuat konfransında nəticədən razı qaldığını, lakin qarşılaşmanın sonlarının komandası üçün çətin keçdiyini bildirib.
“Qələbəyə çox sevinirəm. Ağır oyun oldu. Sona yaxın təşəbbüsü əldən verdik. Amma əsas odur ki, qalib gəlməyi bacardıq”, - deyə Berdıyev vurğulayıb.
Tovuz klubunun çalışdırıcısı uzun müddət məğlubiyyətlə üzləşməyən Azərbaycan çempionuna qarşı görüşdə həlledici amilləri açıqlayıb.
“Əsas məsələ çempiona qarşı düzgün köklənmək idi. Futbolçular özlərini göstərmək istəyirdilər. İkinci mühüm amil isə intizam oldu. Əlbəttə, bu, matçın son on dəqiqəsinə aid deyil”, - deyə mütəxəssis söyləyib.
Berdıyev Hayderson Urtadonun cəzalı duruma düşməsinə səbəb olan sarı vərəqəni də şərh edib.
“Bu, emosiyalar səbəbindən baş verdi. Ona elə gəldi ki, top rəqibin əlinə dəyib. Amma o, emosiyalarına nəzarət etməli idi. Bəli, bilirəm ki, indi cəzalı olduğu üçün növbəti oyunu buraxacaq”, - deyə baş məşqçi bildirib.
“Turan Tovuz”un çalışdırıcısı ötən gün avrokuboklarda qələbə qazanan eyniadlı voleybol komandasının uğuruna da münasibət bildirib.
“Voleybol üzrə “Turan”ın həm ilk oyununa, həm də dünənki cavab görüşünə baxmışam. Onlara görə çox həyəcan keçirirdim. Allaha şükür ki, qalib gəldilər. Allah eləsin, Bolqarıstan klubunu da məğlub edə bilsinlər. Tovuzlu azarkeşlər üçün bu, əsl bayramdır. Biz də onlara dəstək olmalıyıq”, - deyə Berdıyev fikrini tamamlayıb.
Xatırladaq ki, “Turan Tovuz” qarşılaşmada 3:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə iki qol buraxıb və 3:2 hesablı qələbəni qoruyub.
