“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”a 2:3 hesablı məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında nəticəyə təsir edən taktiki səhvlərə yol verdiyini etiraf edib.
“Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Bu gün rəqib bizdən daha yaxşı oynadı və qələbəyə layiq idi. Stadionda möhtəşəm atmosfer var idi. Bura hər gəlişimizdə bunu görürük. Çoxlu ikili mübarizənin yaşandığı, qollarla zəngin oyun alındı.
Bu məğlubiyyətdə mənim də taktiki səhvlərim oldu. İlk hissədə rəqibə həddindən artıq çox boş sahə verdik və onlar bundan istifadə etdilər. Fasilədən sonra komanda çempion xarakteri nümayiş etdirdi, iki qol vurdu. Lakin bəzi taktiki planlarımız gözlədiyimiz kimi işləmədi. Məğlubiyyətin məsuliyyətini üzərimə götürürəm”, - deyə Dambrauskas bildirib.
Mütəxəssis Norveçin “Vikinq” klubuna qarşı keçiriləcək Çempionlar Liqası matçına hazırlıqdan da danışıb.
“Artıq altı oyundur ki, çox sıx qrafiklə, hər üç-dörd gündən bir meydana çıxırıq. Bərpa üçün demək olar ki, vaxtımız yoxdur. Bəzən cəmi bir taktiki məşq və bir komanda iclası keçirmək imkanımız olur.
Şənbə günü futbolçular istirahət edəcəklər. Bazar günü məşq keçirəcəyik, bazar ertəsi isə məşqdən sonra səfər oyununa yollanacağıq. Çempionlar Liqası iştirak etməyə can atdığımız turnirdir. Çərşənbə günü ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”, - deyə baş məşqçi vurğulayıb.
Dambrauskas Umarali Rəhmonəliyev və Velko Şimiçin vəziyyətinə də toxunub.
“Umarali oynamağa hazırdır. Qarşıdakı görüşlərə daha gümrah çıxması üçün ona istirahət vermək qərarına gəldik. Şimiç zədəlidir, amma ümid edirəm ki, şansı az olsa belə, ‘Vikinq’ə qarşı meydana çıxa biləcək”, - deyə o söyləyib.
Norveç klubunun öz meydanında davam edən uğurlu seriyası barədə sualı cavablandıran “Sabah”ın çalışdırıcısı komandasının əvvəlcədən məğlubiyyətlə barışmaq niyyətində olmadığını bildirib.
“Rəqibin artıq 14 oyundur məğlub olmaması o demək deyil ki, biz ora gedib mübarizə aparmamalıyıq. Onların zəif tərəflərini öyrənməyə və bizi qane edən nəticə ilə qayıtmağa çalışacağıq”, - deyə Dambrauskas fikrini tamamlayıb.
