“Sabah”ın futbolçusu: “Çempionlar Liqasında adın böyük olması vacib deyil”

19 Oktyabr 2026 01:35
118
“Sabah”ın futbolçusu: “Çempionlar Liqasında adın böyük olması vacib deyil”

“Borussiya” daha böyük addır, amma Çempionlar Liqasında bu, o qədər də vacib deyil”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Velko Simiç sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qarşıdan “Borussiya” (Dortmund) ilə ÇL matçı gəlir. Gözləntiniz necədir?

- Çempionlar Liqasında növbəti böyük oyunumuzdur. Bu cür matçlarda oynamaq bizim üçün yenidən böyük zövq olacaq. “Borussiya”nın nə qədər güclü rəqib olduğunun fərqindəyik, amma inanıram ki, şansımız çoxdur və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Slaviya”, yoxsa “Borussiya”, hansına qarşı oynamaq daha rahat və ya asandır?

- Məncə, olduqca fərqli komandalardır, bilirsiniz. “Slaviya” həqiqətən mürəkkəb komandadır, fərdi, birəbir mübarizə aparırlar.

- Komandaları ad olaraq nəzərdə tuturam...

- Yaxşı, tutaq ki, “Borussiya” daha böyük addır, amma Çempionlar Liqasında bu, o qədər də vacib deyil. Bütün komandalar həqiqətən yüksək keyfiyyətə malikdir və hər biri ilə oynamağa hazır olmalısan.

- Bu oyunda sizə nə kömək edə bilər? Doğma meydan amili, azarkeşlər, yoxsa şans?

- Əlbəttə, möhtəşəm azarkeş dəstəyi önündə, evdə oynamaq bizim üçün böyük üstünlükdür. Lakin matçın taleyini meydana çıxan 11 futbolçu həll edir. Meydança amilinin bizə kömək edəcəyinə inana bilmərik. Performansımız ən yüksək səviyyədə olmalıdır.

- “Borussiya” ilə fiziki olaraq oynamaq barədə düşünmüsünüzmü? Çünki rəqib Bundesliqada çıxış edir...

- Elədir, amma inanıram ki, biz də sürətli və güclüyük. Ona görə də inanıram ki, bunun öhdəsindən gələ bilərik.

İdman.Biz