“Borussiya” “Sabah”la oyun öncəsi ciddi itki ilə üzləşib

18 Oktyabr 2026 23:19
118
“Borussiya” “Sabah”la oyun öncəsi ciddi itki ilə üzləşib

Dortmundun “Borussiya” futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” klubuna qarşı keçirəcəyi səfər oyunu ərəfəsində ciddi heyət problemi ilə üzləşib. Almaniya klubunun yarımmüdafiəçisi Konstantinos Karetsas topuq nahiyəsindən zədə alıb və bir neçə həftə yaşıl meydanlardan uzaq qala bilər.

İdman.Biz Almaniyanın “Ruhr Nachrichten” nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Bundesliqada “Union Berlin”lə oyundan sonra Dortmund şəhərinə qoltuqağacı ilə qayıdıb.

Zədə oktyabrın 17-də Berlin klubu ilə səfərdə keçirilən və 0:0 hesabı ilə başa çatan qarşılaşmada baş verib.

Karetsas 62-ci dəqiqədə meydana daxil olub, lakin cəmi beş dəqiqə sonra “Union Berlin”in kapitanı Rani Xedira ilə mübarizədə zədələnib. Epizod zamanı yunanıstanlı futbolçunun ayağı qazona ilişib və nəticədə topuğu burxulub.

Oyunu davam etdirməyə çalışmasına baxmayaraq, Karetsas 79-cu dəqiqədə 17 yaşlı Matis Albertlə əvəzlənib.

“FussballTransfers”in məlumatına görə, ilkin proqnozlar ürəkaçan deyil. Futbolçu ən azı noyabrın ortalarına təsadüf edən milli komandaların oyunları ilə bağlı fasiləyə qədər meydana çıxa bilməyə bilər.

Bununla belə, hələlik rəsmi tibbi rəy yoxdur. “Borussiya” rəhbərliyi futbolçunun dəqiq diaqnozunu və bərpa müddətini açıqlamayıb.

Klubun idman məsələləri üzrə icraçı direktoru Lars Rikken qarşılaşmadan sonra bildirib ki, zədənin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün əlavə müayinələr tələb olunur. İdman direktoru Ole Buk da futbolçunun vəziyyətindən narahatlığını ifadə edib.

Qeyd etmək lazımdır ki, cari mövsüm Karetsas üçün çətin keçir. Yayda Belçikanın “Genk” klubundan transfer olunan yunanıstanlı yarımmüdafiəçi bundan əvvəl də səhhətində problemlərlə üzləşib.

Sentyabrda Çempionlar Liqasında “Vilyarreal”la görüşdə o, qan dövranının pozulması ilə bağlı özünü pis hiss edib və xərəklə meydandan çıxarılıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra məşqlərə qayıdıb, lakin indi yenidən uzun müddət yaşıl meydanlardan uzaq qalmaq təhlükəsi ilə üzləşib.

Yeni zədə Dortmund təmsilçisinin baş məşqçisi Niko Kovaç üçün əlavə çətinliklər yaradır. “Borussiya” ardıcıl üç rəsmi oyunda qələbə qazana bilmir. Komanda “Budyo-Qlimt” və “Union Berlin”lə son qarşılaşmalarda qol vurmağı da bacarmayıb.

Belə vəziyyətdə gənc hücumameyilli futbolçulardan birinin mümkün itkisi Azərbaycana səfər öncəsi məşqçilər korpusunun seçim imkanlarını məhdudlaşdırır.

Xatırladaq ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Karetsasın qarşıdakı oyunda iştirakı olduqca az ehtimal olunur. Onun vəziyyətinə əlavə tibbi müayinələrdən sonra tam aydınlıq gələcək.

İdman.Biz