“Neftçi”nin çexiyalı sabiq futbolçusu Pavel Dreksa Bakı klubundakı karyerasını xatırlayıb, “Sabah”ın Çempionlar Liqasında “Slaviya” üzərində qazandığı qələbəni dəyərləndirib.
İdman.Biz Sportal.az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi müsahibəsində hazırkı fəaliyyəti və Azərbaycan futbolu ilə bağlı fikirlərini bölüşüb.
– Hazırda işləyirsən, yoxsa futbolçu karyeranı davam etdirirsən?
– İki il əvvəl Kiprdə karyeramı bitirdim. Orada ikinci divizionda çıxış edən kiçik bir komandada baş məşqçi oldum. Hazırda burada PRO lisenziyası almaq üzərində işləyirəm, ona görə də Kiprdə məskunlaşmışam. “Anagennisi Derineyas” klubunda işləyirəm.
– “Neftçi”ni izləyirsən? Bu mövsüm onların 90 yaşı tamam olur və çempionluq üçün oynayırlar. Onlar haqda hansı fikirdəsən?
– Bəli, əvvəllər oynadığım bütün komandaları izləyirəm. Üstəlik, keçmiş komanda yoldaşım Bassala Sambu da oradadır, ona görə də oyunların ən maraqlı anlarına baxmağa çalışıram. Düşünürəm ki, “Neftçi”nin heyətində yaxşı oyunçular var. Ümid edirəm ki, mövsümü uğurlu şəkildə davam etdirə biləcəklər.
– “Neftçi”dəki karyeranı necə xatırlayırsan? Uğurlu dönəm adlandırırsan?
– Çox vaxt keçib, amma orada oynamaqdan həqiqətən zövq alırdım. Azarkeşlər çox tələbkardır. Yekun nəticələr gözlədiyimiz kimi olmamışdı. Tezliklə “Neftçi”nin ev oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırıram. Ümidvaram ki, onlar uğurlu nəticə qazanacaqlar.
– Azərbaycana sonuncu dəfə gələn çexiyalı futbolçular sən və Zdenek Folprext olmusunuz. Ondan sonra Azərbaycana çex futbolçu gəlməyib. Səncə, bunun səbəbi nədir? Çex futbolçular Azərbaycana gəlmək istəmir, yoxsa Azərbaycan klubları onlara maraq göstərmir?
– Düşünürəm ki, məsələ daha çox Çexiyadakı maliyyə vəziyyəti ilə bağlıdır. Çexiya klublarında oyunçular yaxşı maaş alırlar, buna görə də xaricdə, bu cür liqalarda oynamağa ehtiyac duymurlar.
– Yeri gəlmişkən, Çexiya çempionu “Slaviya” Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub oldu. Səncə, matçın həlledici anı nə idi?
– Əvvəla, bu nəticəni heç gözləmirdim. “Sabah” bir az daha şanslı idi, xüsusilə “Slaviya”nın bəzi epizodlarına baxsaq, bunu demək olar. Amma eyni zamanda, “Sabah”ın hücum xəttində qol vura biləcək keyfiyyətli oyunçulara sahib olduğu da üzə çıxdı. Həqiqətən hücum xəttində çox güclü oyunçular var idi.
– Bəlkə də “Slaviya” rəqibini lazımınca qiymətləndirmədi?
– “Slaviya”nın “Sabah”ı qiymətləndirmədiyini düşünmürəm. Çünki onlar uzun müddətdir Çempionlar Liqasında qələbə qazana bilmirdilər. Sadəcə, “Slaviya”nın tətbiq etdiyi fiziki oyun tərzi Çempionlar Liqası səviyyəsi üçün kifayət etmir.
– Çexiyada bu məğlubiyyətə necə reaksiya verdilər?
– İnsanlar “Slaviya”nın nəticəsini və oyununu çox tənqid etdilər. Bu, ölkənin reytinq əmsalı üçün heç də yaxşı hal deyil. Heç kim belə bir nəticə gözləmirdi, çünki klubların büdcələri arasında çox böyük fərq var.
