Ağdamın “Qarabağ” futbol komandasının sabiq qapıçısı Mateuş Koxalski Polşanın “Veçista” (Krakov) komandasına gözlənilməz keçidinin səbəblərini yenidən izah edib. Bu dəfə 26 yaşlı futbolçu Azərbaycandakı şəxsi həyatının xüsusiyyətlərinə toxunaraq yerli dini və mədəni adətlərin guya nişanlısı ilə birlikdə yaşamasına imkan vermədiyini iddia edib.
İdman.Biz xəbər verir ki, qapıçı Polşanın “Przegląd Sportowy Onet” nəşrinə müsahibəsində “Qarabağ”da çıxış etdiyi müddətdə sevgilisinin Polşada təhsilini davam etdirdiyini və Bakıya yalnız bir-iki aydan bir, özü də qısa müddətə gələ bildiyini söyləyib.
“Nişanlım ayda bir və ya iki aydan bir yanıma gəlirdi. O, Polşada təhsil alırdı və bir neçə gündən artıq qala bilmirdi. Biz rəsmi nikahda deyilik, buna görə də oradakı dini və mədəni adətlər səbəbindən birlikdə yaşaya bilməzdik”, - deyə Koxalski bildirib.
Lakin bu izah müəyyən suallar doğurur. İlk növbədə qeyd edək ki, söhbət yalnız polşalı futbolçunun şəxsi iddiasından gedir. Azərbaycan qanunvericiliyi yetkinlik yaşına çatmış kişi və qadının rəsmi nikah olmadan birlikdə yaşamasını qadağan etmir. Buna görə də belə münasibətləri ölkədə hüquqi baxımdan yolverilməz hal kimi təqdim etmək düzgün olmaz.
Koxalski mənzil axtarışı zamanı konkret məhdudiyyətlərlə qarşılaşıb-qarşılaşmadığını, yoxsa söhbətin sadəcə yerli ənənələr barədə şəxsi təsəvvüründən getdiyini dəqiqləşdirməyib. Vəziyyətə müəyyən məişət şəraitinin təsir etməsi istisna deyil. Lakin birlikdə yaşamağın məhz dini normalar səbəbindən mümkünsüz olduğunu iddia etmək üçün əsas yoxdur.
Maraqlıdır ki, qapıçı digər problem kimi sevimli itini Azərbaycana gətirə bilməməsini göstərib.
“İki il ərzində çox bağlı olduğum itimi Azərbaycana gətirməyin yolunu tapa bilmədim”, - deyə futbolçu bildirib.
Beləliklə, ona Avropanın ən yüksək səviyyəli turnirində çıxış etmək imkanı yaradan klubdan ayrılmasının səbəbləri arasında Koxalski təkcə peşəkar deyil, həm də ailə və məişət şəraiti ilə bağlı amilləri ön plana çəkir.
Xatırladaq ki, qapıçının “Qarabağ”dan ayrılaraq Polşanın gücünə görə ikinci divizionunda çıxış edən “Veçista”ya keçmək qərarı daha əvvəl vətənində tənqidlərə səbəb olub. Xüsusilə Polşa millisinin və İngiltərənin “Liverpul” futbol komandasının sabiq qapıçısı Yeji Dudek bu seçimdən açıq şəkildə təəccübləndiyini bildirib.
“Avropanın top-klublarından birinə keçmək uğrunda mübarizə aparmalı olan futbolçu rahatlığı və “Veçista”ya transferi seçdi. Üstəlik, bonus olaraq Polşa millisinə də dəvət aldı”, - deyə Dudek həmin vaxt açıqlama verib.
Bu cür tənqidlər fonunda Koxalskinin dini adətlərə və məişət çətinliklərinə istinad etməsi də daxil olmaqla, çoxsaylı izahları Polşa futbol ictimaiyyətinin gözündə mübahisəli karyera qərarına haqq qazandırmaq cəhdi kimi qəbul oluna bilər.
Koxalski özü də etiraf edib ki, “Qarabağ” ona maliyyə baxımından olduqca sərfəli şərtlərlə yeni müqavilə təklif edərək komandada saxlamağa çalışıb. Lakin polşalı qapıçı bosniyalı Martin Zlomisliçin transferindən sonra əsas heyətdəki yerini itirməkdən ehtiyatlandığı üçün müqaviləni uzatmaqdan imtina edib.
Qapıçının sözlərinə görə, Ağdam klubu əvvəlcə onun transferi üçün 2,5 milyon avro tələb edib. Bu isə “Veçista” ilə danışıqları çətinləşdirib. Sonradan tərəflər razılığa gələ biliblər. Çünki futbolçu müntəzəm oynamaq istədiyini açıq şəkildə bildirib və ehtiyat oyunçular skamyasında qalmaq perspektivi ilə barışmaq niyyətində olmayıb.
Koxalski “Veçista”dan başqa, Bolqarıstanın “Ludoqorets” futbol komandasından və BƏƏ klubundan da təklif aldığını açıqlayıb. Lakin o, Polşa çempionatını Bolqarıstan çempionatından üstün tutub, Yaxın Şərqə köçməyi isə yalnız karyerasının son mərhələsində mümkün hesab etdiyini bildirib.
Qapıçı qışda “Vidzev”in onunla maraqlandığını da təsdiqləyib. Ancaq “Qarabağ” Çempionlar Liqasındakı çıxışına görə futbolçunun ayrılmasına razılıq verməyib. Bununla yanaşı, Dortmund “Borussiya”sından təklif aldığı barədə xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib.
Ayrılığın səbəblərinə baxmayaraq, Koxalski Azərbaycan klubundakı çıxışını müsbət qiymətləndirib. Xüsusilə Portuqaliyanın “Benfika”, Danimarkanın “Kopenhagen” və Almaniyanın “Ayntraxt” (Frankfurt) futbol komandaları üzərində qələbələr onun yaddaşında qalıb.
“Liverpul” və “Nyukasl”a böyük hesablı məğlubiyyətlərə gəlincə, polşalı qapıçı bu rəqiblərin “Qarabağ”dan bir neçə səviyyə üstün olduğunu vurğulayıb. O, həmin qarşılaşmaların dəyərli təcrübə qazanmasına kömək etdiyini bildirib.
Xatırladaq ki, Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edib və 2026-cı ilin sentyabrında komandadan ayrılıb. O, Ağdam klubunun heyətində 76 oyun keçirib. Azərbaycan təmsilçisi ilə ölkə çempionu olan qapıçı Çempionlar Liqasında da oynamaq imkanı qazanıb.
